İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri və ya bu təyyarələrdə istifadə olunan mühərriklər verməməlidir.
ABŞ Prezidenti Donald Trampın NATO Zirvəsi üçün Ankaraya səfərindən əvvəl danışan Netanyahu, belə bir satışın Yaxın Şərqdəki hərbi balansı dəyişdirəcəyini iddia edib.
"Türkiyəyə F-35 və ya qırıcı təyyarələr üçün mühərriklər verilməməlidir. Bu, Yaxın Şərqdəki güc balansını pozacaq. Bölgədəki tarazlıq İsrailin hava üstünlüyü və ABŞ-ın bölgədəki mövcudluğu ilə qorunur" – deyə Netanyahu bildirib.
“Axios” İsrail və ABŞ rəsmilərinəistinadən yazır ki, Netanyahu cümə günü Türkiyə Prezidenti Ərdoğanın İsrail əleyhinə artan ritorikasından Trampa şikayət edib. Rəsmilər bildiriblər ki, Netanyahu həmçinin bu həftə Ankarada keçiriləcək NATO sammitində Ərdoğanla görüşəcək Trampdan Türkiyənin hava qüvvələrini modernləşdirməsinə kömək edəcək silah sistemlərinin satışını təxirə salmasını istəyib.
İsrail və Türkiyə arasında gərginlik son iki ildə Qəzza və İrandakı müharibələr fonunda kəskin şəkildə artıb. Buna baxmayaraq, Tramp həm Netanyahu, həm də ABŞ-ın bölgədəki əsas müttəfiqi olan Ərdoğanla sıx əlaqələrini qoruyub saxlayır.
Tahir TAĞIYEV