Ukrayna Prezidenti Zelenski Ukrayna hərbi qüvvələrinin Rusiyanın quruda irəliləməsini dayandıra və Rusiya donanmasını Qara dənizdən çıxara bildiyini və indi "həlledici döyüşün" səmada başladığını bəyan edib.
O, Ukraynanın havada döyüş qabiliyyətini nümayiş etdirdiyini və belə bir "səmavi" qarşıdurmada "ərazisi daha böyük olan" tərəfin əhəmiyyəti olmadığını iddia edib. "İnanıram ki, bu müharibədə qələbə daha ağıllı tərəfə məxsusdur", - deyə Zelenski “Financial Times” qəzetinə bildirib və Rusiyanın coğrafiya və canlı qüvvə baxımından üstünlüklərini qeyd edib.
"Əgər tərəfdaşlarımız Ukraynanı maliyyə cəhətdən tərk etməsələr, əsgərlərimiz cəbhəni saxlamağa davam etsələr, Rusiya hücumunun hər kilometri onlara on minlərlə, bəzən isə yüz minlərlə insana başa gəlməyə davam etsə, həlledici döyüş səmada başlayacaq" – deyə Zelenski vurğulayıb. Prezident vurğulayıb ki, müharibənin nəticəsini "səma" müəyyən edəcək.
Zelenski Rusiya paytaxtına zərbələri daha da gücləndirməklə hədələyib. "Yüzlərlə deyil, minlərlə dron Moskvaya doğru uçanda... o (Prezident Vladimir Putin) başa düşəcək.
Bunu şəxsən hiss etməyə, öz gözləri ilə görməyə başlayan kimi, müşavirlərinin onu Ural dağlarının o tayına köçməyə təşviq etdiyini görəcəksiniz".
Zelenskinin fikrincə, müharibənin sonu "Putin Moskvadan nə qədər uzaqlaşsa", bir o qədər yaxın olacaq. O, Ukraynanın müəyyən bir mövqedə və vaxtda səma üzərində "əməliyyat nəzarətini" ələ keçirmək qabiliyyətini nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın Moskva və Sankt-Peterburqa genişmiqyaslı pilotsuz təyyarə hücumlarının psixoloji təsiri, eləcə də artan iqtisadi təzyiqlər Putinin hesablamalarını dəyişdirəcək.
Tahir TAĞIYEV