Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) Omanın Limah sahillərində üzən bir tankerin şübhəli hücuma məruz qaldığı barədə açıqlamasından sonra ABŞ-ın “Axios” xəbər saytı diqqət çəkən bir iddia ilə çıxış edib.
“Axios”un adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İran ordusu Hörmüz boğazından keçən iki kommersiya gəmisinə raket hücumu təşkil edib. Rəsmilər hər iki gəmiyə ciddi ziyan dəydiyini, lakin xoşbəxtlikdən xəsarət alan və ya ölən olmadığını bildiriblər. ABŞ-ın İran hərbi hədəflərinə cavab hücumları edə biləcəyi irəli sürülsə də, İran hakimiyyəti hələlik iddialarla bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV