Azərbaycan banklarında yerləşdirilən əmanətlərin təxminən 7 faizi əcnəbilərə məxsusdur. Ötən ilin sonunda bu göstərici 3,2 faiz idi. Əmanət qoyuluşunda əcnəbilərin payının artmasının səbəbi bu ilin fevral və mart aylarında xarici ölkə vətəndaşları tərəfindən banklara böyük məbləğdə pulun yerləşdirilməsidir.
Qeyd edək ki, yanvarın sonunda əcnəbilərin əmanətlərinin həcmi 294,1 milyon manat olduğu halda, fevralın sonunda 551,7 milyon manata, martın sonunda 722,5 milyon manata yüksəlib.
Banklarda sonuncu dəfə əmanətlərin həcminin bu qədər çox olması faktına 2018-ci ildə rast gəlinib. Həmin tarixdən sonra əmanətlərin həcmi davamlı azalaraq 280 milyon manata düşüb.
Əcnəbilər əmanətlərini daha çox xarici valyutalarda yerləşdirir. Onların əmanətlərinin 536,8 milyon manatı, yəni 74,3 faizi xarici valyutadadır. Onu da bildirək ki, xarici valyuta ilə yanaşı manatla da qoyulan əmanətlərdə artım var. Aprelin 1-nə olan məlumata görə əcnəbilərin əmanətlərinin 185,7 milyon manatı milli valyutada qoyulub ki, bu da ən yüksək göstəricidir.
Ekspertlər hesab edir ki, manatla yerləşdirilən əmanətlərin həcminin artması məzənnənin sabit olması və milli valyutada olan pullara bankların daha yüksək faiz təklif etməsi ilə bağlıdır.
“Xarici vətəndaşlar tərəfindən banklara yerləşdirilən əmanətlərin həcminin artmasının əsas səbəbi əmanətlərin sığortalanması sistemi ilə bağlıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, xarici vətəndaşlar tərəfindən banklara yerləşdirilən əmanətlərin həcminin artmasının əsas səbəbi əmanətlərin sığortalanması sistemi ilə bağlıdır: “Məlumdur ki, bu sistem vasitəsilə 100 min manata qədər əmanət sığortalana bilər. Bu da xarici vətəndaşlar üçün cəlbedicidir. Ancaq faiz dərəcəsinə gəldiksə isə banka qoyulan depozitlə 12 faizlə sığortalanır. Bu isə böyük rəqəmdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda manatın məzənnəsi sabitdir. Bu da xarici vətəndaşlar üçün cəlbedicidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan banklarında əmanət yerləşdirən əcnəbilərin əksəriyyəti azərbaycanlılardır: “Yəni Rusiya, Gürcüstan və başqa ölkələrdə yaşayan azərbaycanlılar öz vəsaitlərinin bir qismini Azərbaycan banklarında saxlayır”.
Günel CƏLİLOVA