Son günlər sosial şəbəkələrdə bir sıra vətəndaşlar taksi xidmətlərinin plastik kart ödənişi ilə bağlı şikayətlər səsləndirir. Qeyd edirlər ki, xarici dövlətlərdə qeydiyyatdan keçən taksi ("Bolt, "Uber”, "Taxify”, "Maxim” və s.) şirkətlərinin xidmətindən istifadə edən müştəri plastik kartla gediş haqqı ödəyirsə, ondan ƏDV tutulur. Bu hal onların narazılığına səbəb olur.
Şikayətçilər qeyd edir ki, taksi sifariş edərkən nağdsız ödəniş seçir və buna görə də şirkət ondan əlavə komissiya tələb edir: “Nağdsız ödənişləri təşviq etmək üçün müxtəlif addımlar atıldığı halda taksi xidmətində niyə əksi seçilib, bilmirəm. Mümkün qədər nağdsız ödənişlərə üstünlük verirəm. Sürücülər buna etiraz etsələr də, taksidə də ödənişləri kartla edirəm. Amma maraqlıdır ki, “Bolt” taksi şirkətində nağdsız ödəniş edəndə 18 faiz əlavə pul ödəməlisən”.
Dövlət Vergi Xidməti: “Plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız…”
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən “Bakı-Xəbər”ə bildirildi ki, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
Elməddin Muradlı: “Şirkətlər Azərbaycana vergi ödəmək əvəzinə, onlara çatan pulu ciblərinə qoyub vergini sərnişinlərin boynuna yükləyirlər”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi düzgün deyil: “Çünki Azərbaycanda yetəri qədər yerli şirkətlər var və onların geniş imkanlara malik olması üçün dövlət öz səylərini göstərməlidir. Qeyd edilən şirkətləri isə ümumiyyətlə ölkədən çıxarmaq lazımdır. Onların ən azı 2-3-nün arxasında erməni mənşəli adamlar dayanıb, yəni rəhbər vəzifələrdə ermənilər də təmsil olunur. Onlar Azərbaycana heç bir vergi ödəmirlər, pullar cibinə gedir. Əgər doğrudan da kartla ödəniş edən zaman ƏDV tutulursa, deməli, Azərbaycana vergi ödəmək əvəzinə, onlara çatan pulu ciblərinə qoyub vergini sərnişinlərin boynuna yükləyirlər”.
Günel CƏLİLOVA