Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır. Bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat manat olub.
“Yaşayış minimumunun artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir”
Yaşayış minimunun artırılmasına fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli dedi ki, ehtiyac meyarı ilə yaşayış minimumunun bir-birinə yaxınlaşdırılması müsbətdir: “Əvvəlki ilə nəzər salsaq, bu iki göstərici arasında 15 faiz fərq olduğunu görə bilərik. Hazırda ehtiyac meyarı 17 faizə yaxın artırılaraq 170 manatdan 200 manata çatdırılırsa, bu onu göstərir ki, yaşayış minimumu ilə aradakı fərq də 5 faizə qədər azalacaq”.
Iqtisadçı onu da əlavə etdi ki, yaşayış minimumunun artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir. Qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır: “Yaşayış minimumunun artırılması vətəndaşların sosial müdafiəsi baxımından vacibdir. Bu, əməkhaqqı vergisi ödənilən zaman tətbiq olunan güzəşt məbləğinə təsir edəcək”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial qayğı ilə əhatə olunması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir: “Yaşayış minimumunun artırılması aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Günel CƏLİLOVA