Azərbaycanda fəaliyyət göstərən 4 bank 2021-ci ilin 9 ayını xalis zərərlə başa vurub. Onlar “AccessBank”, “BankAvrasiya”, Pakistan Milli Bankının Bakı filialı, “Yapı Kredi Bank Azərbaycan”-dır.
Bu banklar arasında Bank Avrasiya-nın xalis zərərinin məbləği daha yüksək - 2 milyon 798 min manatdır. “AccessBank”-ın zərəri 917 min, “Yapı Kredi Bank Azərbaycan”-ın 746 min, “AccessBank” 746 min manatdır.
Qeyd edək ki, pandemiya ili olan 2020-ci il ərzində banklarımız 567,8 milyon manat xalis mənfəət əldə edib. Mərkəzi Bankın məlumatına görə, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 5,8 faiz artıb. Ötən ili cəmi 3 bank zərərlə başa vurmuşdu. Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Bank BTB” və “YeloBank”dır. Adları çəkilən bankların zərəri müvafiq olaraq 212 min manat, 9,13 milyon manat və 39,749 milyon manat olub. Bank BTB və “YeloBank” bu ilin ilk rübündən mənfəətə çıxmağı bacarıb.
Maraqlıdır, cari ilin 9 ayını xalis zərərlə başa vuran bankların aqibəti necə olacaq? Bu bankların da bağlanma ehtimalı varmı?
“Bank problemli kreditləri geri qaytara bilməyəcəksə, bu vəziyyət onların müflis olmasına da səbəb ola bilər”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, bankların xalis zərərinin yaranmasının səbəbi problemli kreditlərin həcminin artması ilə bağlıdır: “Məlumdur ki, son zamanlar geri qaytarılmayan kreditlərin həcmi artıb. Bu da bankın zərər etməsinə səbəb olur. Bank problemli krediti geri qaytara bilərsə, zərərdən çıxmış olacaq”.
Həmsöhbətimiz hesab edir ki, bank problemli kreditləri geri qaytara bilməyəcəksə, bu vəziyyət onların müflis olmasına da səbəb ola bilər: “Bankın səhmdarları istəsələr, bankı müflis olmaqdan xilas edə bilərlər. Belə ki, bank səhmdarları banka əlavə pul qoyub, onu bu vəziyyətdən qurtara bilərlər. Məlumat üçün bildirim ki, dövlət bir neçə il əvvəl Beynəlxalq Bankı xilas etmişdi. Belə bir hal yaşanmazsa, sözügedən banklar təhlükəli vəziyyətə düşə bilər”.
Günel CƏLİLOVA