Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir. Bununla bağlı “Dövlət Rüsumu Haqqında” Qanuna dəyişiklik ediləcək.
Dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
Ekspertlər hesab edir ki, avtomobillə bağlı nəzərdə tutulan rüsum artımının səbəbi ölkəyə daxil olan avtomobillərin sayının azaldılması ola bilər.
Maraqlıdır, ölkəyə gətirilən avtomobillərə görə rüsümün artırılması minik vasitələrinin satış qiymətinə təsir edəcəkmi?
“Ölkədə fəaliyyət göstərən rəsmi diler və distribütorlar yeni avtomobillərin qiymətini qaldırmaqda maraqlı deyillər, yalnız…”
Nəqliyyat vasitələri üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, avtomobillərin qeydiyyatı ilə bağlı dövlət rüsumunun məbləğinin artırılması avtomobillərin qiymətinə təsir etməyəcək: “Qeydiyyata görə dövlət rüsumu avtomobilin qiymətindən qat-qat aşağıdır. Avtomobillərin bahalaşmasına heç bir halda təsir edə bilməz”.
Ekspert hesab edir ki, ölkədə fəaliyyət göstərən rəsmi diler və distribütorlar yeni avtomobillərin qiymətini qaldırmaqda maraqlı deyillər: “Yalnız gömrük rüsumları, mühərrik həcminə görə alınan aksiz vergisi, ƏDV olaraq faiz dərəcələri, daşınmalarda risq və xərclər yüksəldikdə qiymətlərdə artım müşahidə edilir. Faktiki olaraq qiymət artımı növbəti ildən yeni avtomobillərdə gözlənilir. Bu isə rüsumun artırılması ilə bağlı deyil. Bu, birbaşa daşınma xərclərinin artması və yeni avtomobillərin bazarda bir qədər qıtlıq təşkil etməsi ilə əlaqəlidir. Tendensiya 2022-ci ilin birinci yarısında hiss olunacaq”.
Günel CƏLİLOVA