Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq

img

Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam sosial yönümlü xərclərin artırılmasına imkan verəcək:

“Sərəncamda əmək haqqlarının, pensiyaları, sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımların 40 faizə qədər olacağı gözlənilir və sahələrdən asılı olaraq bu rəqəmlər dəyişə də bilər. Eyni zamanda artımların iki milyondan artıq vətəndaşımızı əhatə edəcəyi gözlənilir.

Hələlik ilkin qiymətləndirmələr və əvvəlki sosial paketlərin məbləğinə diqqət yetirsək söhbət burada milyardla ifadə olunan vəsaitin bu istiqamətdə yönəldilməsindən gedir. Təbii ki, konkret rəqəm Maliyyə Nazirliyi tərəfindən hesablanacaq, amma Maliyyə Nazirliyinin təqdim etdiyi ilkin rəqəmlərə əsasən, 2022-ci ilin dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi sosial istiqamətə yönəldiləcək.

Yəni bu o deməkdir ki, növbəti il hər 100 manatdan 40 manatı sosial məqsəd üçün istifadə olunacaq. Bu ondan xəbər verir ki, 2022-ci ildə tətbiq olunacaq sosial paket kifayət qədər miqyaslı olacaq və kifayət qədər çox vətəndaşımızın həm birbaşa, həm də dolayı olaraq bu artımlardan faydalanmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat olacağı proqnozlaşdırılır.

Son xəbərlər