Yumurtanın qiymətində artımın sürəti digər ərzaqları yenə üstələməyə başlayır…

Natiq Cəfərli: “Bahalaşmanın daha sürətlə getməməsi üçün idxal edilən yumurtanın gömrük rüsumu azaldıla və ya müvəqqəti dondurula bilər”

img

Məlumdur ki, son günlər Azərbaycanda yumurtanın qiyməti bahalaşıb. Belə ki, ağ yumurtanın qiyməti 13 qəpikdən 17-19 qəpiyə, sarı yumurta 16 qəpikdən 20-22 qəpiyə yüksəlib. Kənd yumurtasının qiyməti isə 25 qəpikdən 30 qəpiyə qalxıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında Azərbaycanda, quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, yumurta istehsalı isə 4,1 faiz azalaraq 1 milyard 269,4 milyon ədəd olub. 2020-ci ildə ölkədə 1 milyard 906,2 milyon ədəd yumurta istehsal edilib.

Onu da qeyd edək ki, statistik məlumatlara əsasən, ölkədə mart ayından başlayaraq yumurtanın qiymətində ucuzlaşma müşahidə edilirdi. Ancaq son günlər yumurtanın qiymətində artım müşahidə olunur.

  • “Dünya bazarlarında yem və yem əlavələri, dərman preparatları, damazlıq yumurta üzrə qiymətlərdə artım var”

İqtisadçı Natiq Cəfərli bildirdi ki, dünya bazarlarında yem və yem əlavələri, dərman preparatları, damazlıq yumurta üzrə qiymətlərdə artım var: “Azərbaycan bu istiqamətdə hələ də xaricdən asılı vəziyyətdədir. Bu, qiymət artımına təkan verən əsas amilə çevrilib. Bundan başqa, bir müddət öncə daxili bazarı qorumaq üçün xaricdən gətirilən toyuq əti və yumurta üzrə idxal rüsumları artırılmışdı. Bu, daxili istehsalı stimullaşdırmaq üçün atılan addım idi, amma görünür, daxili istehsal yetərli deyil. Bahalaşmanın daha sürətlə getməməsi üçün idxal edilən toyuq və yumurta üçün gömrük rüsumu azaldıla və ya müvəqqəti dondurula bilər. Məlumdur ki, Azərbaycanda ənənəvi olaraq dekabr ayından başlayaraq ərzaq qiymətləri bahalaşır və bu, aprel-may aylarına qədər davam edir. Burada mövsümi, tələbatın artması və digər səbəblər var. Bir çox sahələrdə qiymət artımı davam edə bilər və toyuq ətini, yumurtanı da buraya daxil etmək mümkündür”.

Günel CƏLİLOVA

Son xəbərlər