Son zamanlar yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalvasiya baş verə bilər. Məlumatlara görə, dollar 2 manata qədər yüksələcək, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşacaq.
Maraqlıdır, yayılmış məlumatlar nə dərəcədə əsaslıdır? Ümumiyyətlə, ölkədə devalvasiya gözlənilirmi?
“Devalvasiya ilə bağlı müzakirələr son günlər Azərbaycan cəmiyyətində başlayıb, bu kimi ifadələr vətəndaşlarda narahatlığa səbəb olur”
Iqtisadçı ekspert Əli Əlirzayev bildirdi ki, qarşıdakı illərdə Azərbaycanda manatın məzənnəsində enmə müşahidə olunmayacaq: “Danılmaz faktdır ki, Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir. Məlumdur ki, milli valyutanın məzənnəsi Mərkəzi Bankın inzibati tənzimləmə mexanizminə görə tənzimlənir. O da bəllidir ki, manata təsir edən əsas amil neft qiymətləridir. Hazırda da neftin qiyməti yüksək səviyyədədir. Bu da manatın dəyər itirməməsinə təsir edən amillərdən biridir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda ölkədə dollar çatışmazlığı yaşanmır: “Bu səbəbdən də devalvasiyanın olması gözlənilmir. Nəzərə almaq lazımdır ki, devalvasiya ilə bağlı müzakirələrin getməsi bazara psixoloji təsir edir, ancaq tələbin artması üçün zəmin yoxdur. Ümumiyyətlə, devalvasiya ilə bağlı müzakirələr son günlər Azərbaycan cəmiyyətində başlayıb. Bu kimi ifadələr vətəndaşlarda narahatlığa səbəb olur”.
Iqtisadçının sözlərinə görə, hələlik manatın məzənnəsi inzibati qaydalarla dəyişməz qalır: “Bunun nə vaxta qədər davam edəcəyini demək çətindir. Çünki məzənnə daim eyni qaydada qala bilməz, bunun fəsadları daha ağır olur. Biz bunu 2005-2015-ci illər arasında müşahidə etmişik. Təxminən 10 il manatın məzənnəsi sabit qaldıqdan sonra
3 dəfə devalvasiya baş verdi. İndi də manatın məzənnəsi uzun illər sabit qala bilməz. Bir müddət sonra bu dəyişəcək. Amma məzənnə dəyişikliyi iqtisadi əsaslarla deyil, Mərkəzi Bankın verdiyi inzibati qaydalarla olacaq”.
Günel CƏLİLOVA