Lirə ucuzlaşdı, Bakıda türk malları niyə ucuzlaşmır?

Natiq Cəfərli: “Karqo şirkətləri tərəfindən ölkəyə mal gətirilərkən qiymətlər hər ay artırılır”

img

Türkiyənin milli valyutası olan lirə dəyər itirməkdə davam edir. Belə ki, 1 dollar rekord həddə - 9,1234 lirəyə çatıb. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsulları barəsində eyni sözü demək olmur. Türkiyədən internet vasitəsilə alınan hər hansı məhsulu Bakıda dəyərindən qat-qat baha almaq mümkündür.

Məlumatlara görə, Türkiyədə lirənin ucuzlaşması həmin ölkədən alış-veriş edən ayrı-ayrı şəxslər, biznesmenlər üçün fürsətdir. Hazırkı şəraitdə biznesmenlər həmin ölkədə məhsulu daha ucuz qiymətə alırlar. Adıçəkilən ölkədə lirənin dəyər itirməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulun həcminin artmasına səbəb olub. Ancaq onu da qeyd etmək lazımdır ki, Türkiyədən ucuz qiymətə alınan geyim və digər əşyalar Azərbaycanda yüksək qiymətə satılır. Məlumatlara görə, Türkiyədən 10 manata alınan geyim Azərbaycanda 40-50 manata satılır.

Maraqlıdır, Türkiyə valyutasının dəyər itirməsinə baxmayaraq, idxal olunan geyim niyə Azərbaycanda baha satılır?

  • “Türkiyədən ixrac olunan və Azərbaycana gətirilən məhsulların qiymətində dəyişiklik olmalı idi”

İqtisadçı Natiq Cəfərli bildirdi ki, türk lirəsinin tarixi minimuma qədər ucuzlaşması son həftələrdə daha da sürətlənib. İndi lirə ən aşağı göstəricilərindədir. Məntiqlə yanaşdıqda, Türkiyədə ixrac olunan və Azərbaycana gətirilən məhsulların qiymətində dəyişiklik olmalı idi: “Qiymətlərin idxala təsir etməsi üçün bir müddət keçməlidir. İş adamları deyir ki, bizim aldığımız və bu gün realizə olunan məhsullar məzənnənin yuxarısındadır, yəni türk lirəsinin daha baha olduğu dövrlərdə alınıb. Ola bilər ki, bir müddət sonra qiymətlərin dəyişməsinin şahidi olaq. Onların dediyi vəziyyətə görə qiymətlərin aşağı düşməmə səbəblərindən biri də xərclərin yuxarı qiymətlərinin kəskin artmasıdır ki, bu da Azərbaycandan qaynaqlanır. Azərbaycanda bir neçə karqo şirkəti var ki, bazara nəzarət edirlər. Karqo şirkətləri tərəfindən ölkəyə mal gətirilərkən qiymətlər hər ay artırılır. Bu da gətirilən malların maya dəyərinə təsir göstərir.

Türkiyədən gətirilən məhsulların həcminə, çəkisinə görə gömrük rüsumlarını ödəmək təcrübəsi var idisə, indi istənilən məhsul tək-tək rəsmiləşdirilir, rüsuma tabe edilir. Bu, həm vaxt aparır, həm də əlavə xərc tələb edir. Belə olduqda iş adamlarının xərci artdıqca, onlar da mal və xidmətlərin qiymətini qaldırır. Bu kimi məsələlərə görə Türkiyədən gətirilən məhsulların qiyməti, təəssüf ki, ucuzlaşmır”.

Günel CƏLİLOVA

Son xəbərlər