Yumurta nədir ki, bizdə onun da istehsalı 20 faiz azalıb?..

Kamran Məmmədli: “Yem və yem əlavələri, dərman preparatları, damazlıq yumurta üzrə qiymətlərdə artım var”

img

2021-ci il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 485,2 milyon ədəd yumurta istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 116,5 milyon ədəd və ya 19,4% azdır.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 52,7 min ton (keçən ilin yanvar-sentyabr aylarında 51,8 min ton) quş əti istehsal olunub. Ümumilikdə oktyabrın 1-i vəziyyətinə bu müəssisələr üzrə quşların sayı 11 945,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 139 ədəd yumurta alınıb.

Nəzərə almaq lazımdır ki, ölkədə yetərincə broyler fabrikləri var. Həmin fabriklər olduğu halda yumurta istehsalının azalmasının səbəbi nə ilə bağlıdır?

Onu da qeyd edək ki, son zamanlar yumurtanın satış qiyməti də yüksəlib. Maraqlıdır, yumurtanın satış qiymətinin artması istehsalın azalması ilə bağlı ola bilərmi?

  • “Soyuq aylarda istehsal imkanları məhdudlaşır, məhsuldarlıq aşağı düşür və belə olanda qiymətlər də artır”

Iqtisadçı Kamran Məmmədli bildirdi ki, dünya bazarlarında yem və yem əlavələri, dərman preparatları, damazlıq yumurta üzrə qiymətlərdə artım var: “Azərbaycan bu istiqamətdə hələ də xaricdən asılı vəziyyətdədir. Bu, qiymət artımına təkan verən əsas amilə çevrilib. Bundan başqa, bir müddət öncə daxili bazarı qorumaq üçün xaricdən gətirilən toyuq əti və yumurta üzrə idxal rüsumları artırıldı. Bu, daxili istehsalı stimullaşdırmaq üçün atılan addım idi, amma görünür, daxili istehsal yetərli deyil. Bahalaşmanın daha sürətlə getməməsi üçün idxal edilən toyuq və yumurta üçün gömrük rüsumu azaldıla və ya müvəqqəti dondurula bilər”.

Həmsöhbətimizin sözlərinə görə, soyuq aylarda istehsal imkanları məhdudlaşır, məhsuldarlıq aşağı düşür və belə olanda qiymətlər də artır.

Günel CƏLİLOVA

Son xəbərlər