Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamın imzalanmasında məqsəd əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasıdır.
Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, bu sahədə islahatlar, xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunmasına səbəb olub.
“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam 1 milyon 800 min vətəndaşın sosial rifahının yüksəlməsinə səbəb olacaq. Maraqlıdır, yeni sərəncam əhalinin sosial həyatının yaxşılaşmasında hansı formada təsir edəcək?
“Bu sərəncam əhalinin imkansız təbəqəsinin sosial rifahının qorunmasına öz müsbət təsirini göstərəcək”
Millət vəkili Ceyhun Məmmədov bildird ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncama əsasən, sosial ödənişlərdə ciddi artımlar olacaq: “Bu sərəncam əhalinin imkansız təbəqəsinin sosial rifahının qorunmasına öz müsbət təsirini göstərəcək. Adıçəkilən sərəncam dövlətin hər addımında vətəndaşı düşündüyünü bir daha nümayiş etdirdi. Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb. Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir”
Millət vəkili hesab edir ki, Prezidentin məlum Sərəncamı 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.
Günel CƏLİLOVA