Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.
Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
“Yeni yaradılan fond sahibkarlığın inkişafına səbəb olacaqsa, böyük vəsaitlər əldə edəcəksə müsbət nailiyyətlər əldə edə bilər”
Biznesinin İnkişafı Fondunun yaradılmasının sahibkarlıqla məşğul olanlara nə kimi dəstək olması barədə fikir bildirən iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, yeni yaradılan fond bizneslə, sahibkarlıqla məşğul olanlara dəstək olacaq: “Məlumat üçün bildirim ki, bugünə kimi sahibkarlığın inkişafı ilə bağlı bir neçə qurum yaranıb. Ancaq həmin qurumlar gözlənilən nəticənin cuzi bir hissəsini verdilər.
Yeni yaradılan fond sahibkarlığın inkişafına səbəb olacaqsa, böyük vəsaitlər əldə edəcəksə müsbət nailiyyətlər əldə edə bilər. Əsas odur ki, Fondun yetərli həcmdə vəsaiti olsun. Xüsusi dövlət proqramı çərçivəsində Biznesin İnkişafı Fonduna vəsait Neft Fondu tərəfindən ayrılıb. Həmin vəsaitdən düzgün şəkildə istifadə olunarsa, Biznesin İnkişafı Fondu gözlənilən nəticəni verər”.
Günel CƏLİLOVA