Azərbaycanda fəaliyyət göstərən 7 xarici bankdan biri olan “Bank Melli İran” Bakı filialının aktivlərinin həcmi son illərin ən aşağı səviyyəsinə düşüb. Bankın açıqladığı məlumatlarda qeyd olunur ki, bu il oktyabrın 1-də bankın aktivlərinin dəyəri 86,5 milyon manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon manat, yəni 7,7 faiz azalıb. 2020-ci il oktyabrın əvvəlində İran bankının 93,7 milyon manat aktivi var idi.
Bankın aktivləri ilə bərabər öhdəlikləri də azalıb. Son bir ildə öhdəliklərdə azalma 8 milyon manatdan çox olub.
Bankın nizamnamə kapitalı isə 73,6 milyon manatdır. Amma yığılmış zərərin artması məcmu kapitalın nizamnamə kapitalından xeyli az olmasına səbəb olub. Belə ki, bankın yığılmış zərəri 2018-ci ildəki 20,5 milyon manatdan bu il oktyabrın 1-də 35,3 milyon manata qədər yüksəlib. Zərərlə əlaqədar bankın cəmi kapitalı 38,3 milyon manata düşüb, halbuki, 2018-ci ildə bankın məcmu kapitalı 53,15 milyon manat idi.
Qeyd edək ki, bu il bankda müştəri hesabları 871 min manat azalaraq 9,83 milyon manata geriləyib.
Ekspertlərin bildirdiyinə görə, bank aktivlərinin azalmasının səbəbi son zamanlar Azərbaycanla İran arasında yaşanan gərginlikdir. Yaşanan bu münasibət bank filialının aqibətini sual altına qoyur.
“Vəziyyət bu cür davam edərsə, bank filialı çıxılmaz vəziyyətə düşə bilər”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, iki ölkə arasında baş verən hadisələr filialın gələcək taleyini sual altına qoyur: “Məlumdur ki, İran tərəfinin Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı verdiyi bəzi açıqlamaları, eyni zamanda Azərbaycan tərəfinin də adekvat addımları bank filialının gələcək aqibətini çıxılmaz vəziyyətə qoyur. Son günlər hüquqi və fiziki şəxslər bank filialından vəsaitlərini geri çəkməyə qərar veriblər. Əmanətçilər düşünür ki, gələcəkdə hansısa bir problem yaranarsa, vəsaitləri ilə bağlı xoşagəlməz hal yaşanmasın. Bu səbəbdən də vətəndaşlar əmanətlərini bankdan geri çəkirlər. Vəziyyət bu cür davam edərsə, bank filialı çıxılmaz vəziyyətə düşə bilər”.
Günel CƏLİLOVA