Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, sənəd aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədi daşıyır.
Bu fərmanın icrası məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.
“Fərman pay torpaqları və eyni zamanda kənd təsərrüfatı torpaqları ilə bağlı daha təkmil və sistemli uçot mexanizminin yaradılmasına imkan verəcək”
“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanın əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında veriləcək: “Subsidiya mexanizmi artıq 2025-ci ilədək daha da təkmilləşdiriləcək. Əsas məqsəd subsidiyaların ünvanlılığının və subsidiyaların verilməsində səmərəliliyin artırılmasına daha çox nail olmaqdır. Çünki nəticədə aqrar sektora verilən subsidiyalar həm də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və bütövlükdə fermerlərin maliyyə imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur".
Həmsöhbətimiz hesab edir ki, bu, eyni zamanda, kənd təsərrüfatı üçün vacib olan uçot sisteminin daha da təkmilləşdirilməsinə səbəb olacaq: “Bu, pay torpaqları və eyni zamanda kənd təsərrüfatı torpaqları ilə bağlı daha təkmil və sistemli uçot mexanizminin yaradılmasına imkan verəcək. Prosesdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi iştirak edəcək. Bu da prosesin daha səmərəli və şəffaf aparılması baxımından vacib məqamlardan biridir”.
Günel CƏLİLOVA