Bu il ərzaq məhsulları içərisində ən çox bahalaşma tərəvəz məhsullarında müşahidə olunur. Bu ilin avqust ayında əvvəlki aya nisbətən tərəvəzlərin qiyməti 5,2 faiz artıb. Ötən ilin avqust ayında isə iyul ayına nisbətən tərəvəz məhsullarında 1,6 faiz ucuzlaşma müşahidə edilirdi.
Bu ilin iyul ayında da ərzaq məhsulları arasında ən çox bahalaşan tərəvəz məhsulları olub. İyun ayına nisbətən tərəvəzlərin qiymətində 2,8 faiz artım qeydə alınıb.
Bəs niyə ərzaq məhsulları içərisində ən çox bahalaşma tərəvəz məhsullarında müşahidə olunur?
“Azərbaycanın daxili istehsalı həm yerli tələbatı tam ödəməyə, həm də ixracla bağlı tələbi qarşılamağa yetərli deyil”
İqtisadçı Natiq Cəfərli bildirdi ki, bu ilin may-iyun aylarında tərəvəz məhsullarında hətta ucuzlaşma qeydə alınıb. Rusiya bazarının bağlı olması və əsasən tərəvəz məhsullarının idxalı ilə bağlı Rusiyanın bəzi qadağalar tətbiq etməsi, bu istiqamətdə bizim ixracatın azalması daxili bazarda qiymətlərə təsir göstərib. Amma son aylarda bu problemin böyük hissəsi həll edilib və bu da ixracatın sürətlə artmasına səbəb olub. Son iki ayda Rusiyaya ixracatda böyük artım var. Azərbaycanın daxili istehsalı həm yerli tələbatı tam ödəməyə, həm də ixracla bağlı tələbi qarşılamağa yetərli deyil. Tərəvəz məhsullarının ixrac həcmi artan kimi daxili bazarda disbalans yaranır və qiymətlərin artması müşahidə olunur. Son iki ayda məhz bu tendensiyanı müşahidə edirik”.
Ekspertin sözlərinə görə, daxili tələbatı tam ödəyə bilməyən yerli istehsal daha çox ixracata kökləndiyindən və ixrac daha sərfəli olduğundan, bu, daxili bazarda qiymət artımına səbəb olan əsas faktora çevrilir: “Son zamanlar tərəvəz məhsullarının qiymət artımı bununla bağlıdır. Bu bir daha onu deməyə əsas verir ki, daxili istehsalın sürətlə artırılması, məhsuldarlığın yüksəldilməsi prioritet olmalıdır. Daxili bazarın tələbatını ödəmək, ixracı yüksəltmək üçün istehsalın artırılmasına ehtiyac var. Xaricdən gətirilən məhsulların qiymətinin bahalaşmaya təsiri var, amma əsas məsələ daxili istehsalın həcm olaraq yetərli olmamasıdır”.
Günel CƏLİLOVA