Azəbaycanda broyler yumurtalarıının qiyməti bahalaşıb. Belə ki, ağ yumurta 12 qəpikdən 19 qəpiyə, sarı yumurta 19 qəpikdən 22 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 30 qəpiyə qalxıb.
Qeyd edək ki, son illər Azərbaycanda yumurta istehsalı davamlı artım dinamikası nümayiş etdirir. Maraqlıdır, yumurta istehsalında azalmanın qeydə alınmadığı ərəfədə adıçəkilən məhsulun satış qiymətinin yüksəlməsinin səbəbi nə ilə bağlıdır?
“Broyler yumurtasının qiymətinin yüksək olması quşçuluq müəssisələrinin deyil, pərakəndə satış müəssisələrinin fəaliyyətinin nəticəsidir”
Iqtisadçı ekspert Kamran Məmmədli bildirdi ki, broyler yumurtasının qiymətinin yüksək olması quşçuluq müəssisələrinin deyil, pərakəndə satış müəssisələrinin fəaliyyətinin nəticəsidir: “Pərakəndə satıcılar yumurtanın qiymətinin üzərinə 25-30 faiz əlavə məbləğ qoyub satırlar. Onlar nə qədər istəyirlər, o qədər marja müəyyənləşdirirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, daxildə yumurta istehsal edilsə də, tələbatı tam şəkildə ödəyə bilmir. Bu səbəbdən də yumurta idxal olunur: “Məlumdur ki, son zamanlar idxal olunan məhsulların satış qiymətində artım qeydə alınır. Yumurtanın qiymətinin artmaması üçün daxildə bəzi qaydalara əməl etmək lazımdır. İlk növbədə yemi daxildə istehsal etmək lazımdır. Bəzi istehsal vasitələrini ölkə daxilində istehsal etməklə yanaşı, həm də məhsuldarlığı artırmaq lazımdır. Belə olarsa, yumurtanın satış qiymətində dəyişiklik qeydə alınmaz”.
K.Məmmədlinin dediyinə görə, günlər qısaldığı üçün kənd yumurtasının istehsalı da azalır: “Həmçinin, bəzi işıqlandırmadan istifadə olunmayan müəssisələrdə, intensiv yemləmə olmayan müəssisələrdə də yumurta istehsalı azalıb. Bu da ümumulikdə təklifin azalmasına, qiymətin artmasına gətirib çıxarır.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda yumurta istehsalında istifadə olunan yem xaricdən gəlir. Yemin də qiyməti son 3 ayda bahalaşıb. Həmçinin, digər yem komponentlərinin də qiymətində artım qeydə alınıb”.
Günel CƏLİLOVA