Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 6,2 faiz olub. Bu ilin əvvəlində ölkə əhalisinin sayı 10 milyon 119,1 min nəfər olub. Belə olan halda, Azərbaycanda 627 min 385 nəfər yoxsulluq həddində yaşayır.
Müqayisə üçün bildirək ki, yoxsulluq səviyyəsi son 9 ildə ən yüksək səviyyəyə çatıb. 2012-ci ilə yoxsulluq səviyyəsi 6% olub və sonrakı illərdə azalıb. 2019-cu ildə 4,8%-ə düşüb.
Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yoxsulluq həddi 194,9 manat hesab olunur.
Onu da bildirək ki, Azərbaycanda 627 min 385 nəfər yoxsulun olduğu bildirilsə də, onlardan yalnız 324 min nəfərinə ünvanlı dövlət sosial yardımı ayrılıb.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımı orta aylıq gəliri ehtiyac meyarından aşağı olan şəxslərə verilir və onlar aztəminatlı şəxs hesab olunur. Ötən il Azərbaycanda ehtiyac meyarı 160 manat, bu il isə 170 manat müəyyən olunub.
“Koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə bir ildən çoxdur karantin rejimi hökm sürür”
Yoxsulluq səviyyəsinin artması barədə fikir bildirən iqtisadçı Əli Əlirzayev dedi ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə bir ildən çoxdur karantin rejimi hökm sürür: “Karantin rejiminin tələbinə əsasən, ölkədə müəyyən müddət sərt karantin tətbiq edildi. Təbii ki, bəzi sahələrdə iş yerləri bağlandı. Bununla yanaşı, əməkhaqları azaldı, hətta bu hal müavinətlərə də təsir etdi. Bu kimi faktlar, istər-istəməz, insanların həyat səviyyəsinə təsir edən amillərdəndir. Yoxsulluq səviyyəsinin azalması gözlənilirdi. Bununla bağlı müəyyən fikirlər də səslənirdi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yoxsulluq səviyyəsinin artmasında bəzi qurumların da rolu var: “Həmin qurumların yarıtmaz fəaliyyəti nəticəsində qiymətlərdə artım qeydə alınır. Bu sahədə yaşanan problemlərin həll olunması üçün müəyyən işlər görülməlidir. Hesab edirəm ki, qarşıdakı illərdə yoxsulluq səviyyəsində qeydə alınan artım azalacaq”.
Günel CƏLİLOVA