Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
Müəyyən edilib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir. Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Son 3 ildə bu zonalarda cəmi 2.6 milyard manat dəyərində məhsul satış olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir”
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, işğal altında olan torpaqların azad olunmasından sonra sənaye potensialının reallaşması və xüsusən həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdən biri hesab olunurdu: “Cəbrayılda yeni sənaye parkının yaradılması rayonun da iştirak etdiyi Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və eləcə də tranzit imkanlarının artması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqi Zəngəzur və bütövlükdə Azərbaycanın qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yolu vasitəsilə birləşmək imkanı qazanacaq. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsinin fəaliyyətə başlayacağı gözlənilir. Bu da həmin ərazilərdə istehsal edilən məhsullar üçün yeni ixrac imkanları deməkdir”.
Millət vəkili onu da əlavə etdi ki, Cəbrayıl və Şərqi Zəngəzur iqtisadi rayonuna üzv olan rayonların təbii ehtiyatları kifayət qədər böyükdür: “Bu da sənaye məhsullarının istehsalı üçün geniş imkanlar yaradır. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir. Həmin ərazilərin iqtisadi inkişafı üçün yeni stimullar yaratmaqla bölgədə istehsal edilən məhsulların daha geniş bazarlara ixrac imkanlarının formalaşmasına imkan verəcək”
Günel CƏLİLOVA