Məlum olduğu kimi, son günlər avronun məzənnəsi dollara nisbətən ucuzlaşıb. Belə ki, avro dollar qarşısında ucuzlaşaraq, 1,22-dən, 1,16 dollara düşüb. Maraqlıdır, avronun məzənnəsinin dəyişməsi Avropadan alınan malların qiymətinə necə təsir edəcək?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, dollara nisbətdə avro ucuzlaşıb: “Bu proses Avropadan alınan malların satış qiymətinə təsir edib. Belə ki, son zamanlar Avropadan alınan malların satış qiyməti ucuzlaşıb”.
Ekspertin sözlərinə görə, böhran şəraitində həmişə ABŞ dollarına etibar daha çox olur. Nəinki imkanlı insanlar, dövlətlər belə böhranlı zamanlarda pul vəsaitlərini yerləşdirmək baxımından ABŞ-ı daha təhlükəsiz ölkə qismində görürlər. Bu fonda da daha çox pul dollarda yerləşdirilir: “Avropada isə hər zaman özünü göstərən pərakəndəlik pandemiya ilə bağlı yaşanan böhran dövründə daha da artır. Avropa Birliyində vahid idarəetmə zəifdir. O baxımdan böhran dövründə avro ilə vəsait saxlamağa əminlik daha da azalır. Adətən böhran dövründə qərarların daha çevik verilməsi vacibdir. Avropa Birliyində isə bu yoxdur. Nəticədə investorlar üçün avro ilə iş görmək qeyri-cəlbedici olur. Bu kimi səbəblərdən bəzi investorlar indiki böhran dövründə avroda olan aktivlərini dollara çevirir”.
Ə.Həsənov onu da əlavə etdi ki, avronun ucuzlaşması Avropadan alınan malların satış qiymətinə təsir edib. Hazırda Avropadan alınan malların qiyməti Azərbaycan üçün ucuzlaşıb: “Çünki belə vəziyyətdə nefti satıb aldığımız dolları Avropadan nəsə almaq üçün avroya çevirəndə, daha çox avro əldə edirik”.
Ekspert hesab edir ki, avronun məzənnəsinin dollara nisbətdə ucuzlaşmasının manata heç bir təsiri olmayacaq.
Günel CƏLİLOVA