“2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə qabil idi”. Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.
Ölkə başçısı qeyd edib ki, prezident vəzifəsində olduğu birinci gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzrə iş başlanıb: “Təbii ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. Ona görə ki, bunsuz biz hansısa maliyyə qoyuluşlarından, yaxud kredit resurslarından asılı olardıq və təbii ki, silahlı qüvvələri modernləşdirməyi özümüzə rəva görə bilməzdik. Buna görə də praktiki olaraq mənim Prezident vəzifəsində olduğum birinci gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzrə iş başlanıb. Hesab edirəm ki, təxminən altı-yeddi il ərzində biz buna nail olduq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi”.
Bütövlükdə, Azərbaycanın 2010-cu ildən tam iqtisadi baxımdan müstəqil olması, təbii ki, siyasi bir bəyanatdır. Ancaq bu bəyanatın arxasında hansı iqtisadi rəqəmlər dayanır? O cümlədən, hansı iqtisadi rəqəmlərlə bunu təsdiqləmək və sübut etmək olar ki, Azərbaycan 2010-cu ildən tam şəkildə iqtisadi müstəqilliyə keçdi?
“2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “2004-cü ildən etibarən həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın iqtisadi müstəqilliyinə doğru gedən işləri sürətləndirməyə başladı. Eyni zamanda bu, neft kontraktlarının reallaşması nəticəsində artıq 2000-ci illərin sonlarına yaxın satışdan əldə edilən valyuta gəlirlərinin artması ilə bağlı olan məsələdir. Neftdən əldə etdiyimiz gəlirlər artdıqca, Neft Fondundakı valyuta ehtiyatlarımız da çoxalırdı. Bu isə ölkənin maliyyə dayanıqlığını möhkəmləndirirdi. Maliyyə dayanıqlığı artdıqca, Azərbaycanın iqtisadi müstəqilliyi qaçılmaz bir reallığa çevrildi. Hansı ölkədə maliyyə dayanıqlığı möhkəm olursa, həmin dövlət bu baxımdan aslı olmur. Prezidentin səsləndirdiyi fikirlərdə əsas məqam ondan ibarətdir ki, biz artıq 2010-cu ildən sonra Neft Fondunun büdcəsini 10 milyard manatdan yuxarı təsdiq edirdik. Bu da o deməkdir ki, fond yetərincə böyük vəsaitə malik bir qurumdur. Sözügedən fikirlər ilk növbədə buradan qaynaqlanır. Neft Fondu Azərbaycanın ümumi daxili məhsulu qədər vəsaitə malikdir. Bu, olduqca böyük bir rəqəmdir. Bununla yanaşı, 2010-cu ildə Azərbaycanda neft hasilatı 51 milyon tona yaxın idi. Ölkə tarixində bu qədər böyük neft hasilatı olmayıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. 2006-cı ildən başlayaraq Azərbaycan heç bir ölkədən qaz idxal etmirdi. Daxili resurslar hesabına ölkənin qaza olan tələbatı təmin edilirdi. Bütün bunlar imkan verdi ki, Azərbaycan iqtisadi baxımdan müstəqil olsun”.
Professor hesab edir ki, bütün bunlar həm də ölkənin iqtisadi müstəqilliyini təmin edən əsas atributlardır.
Vidadi ORDAHALLI