Son həftələrdə, demək olar ki, bütün məhsulların qiymətində artım var. Azərbaycanda ilin əvvəlindən start götürən bahalaşma davam edir. Hətta yay aylarında belə qiymətlərdə artım dayanmayıb.
Son həftələrdə isə, demək olar ki, bütün məhsullarda bahalaşma var. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2021-ci ilin iyul ayında istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 0,9 faiz, 2021-ci ilin iyulu ilə müqayisədə isə 5,1 faiz artıb. 2021-ci ilin yanvar-iyul aylarında komitə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlərdə 4,5 faiz bahalaşma qeydə alıb. Bahalaşma daha çox ərzaq məhsulları arasında qeydə alınır. Maraqlıdır, ərzaqlar arasında niyə ən çox tərəvəz məhsulları bahalaşıb?
“Tərəvəz məhsullarının ixrac həcmi artan kimi daxili bazarda disbalans yaranır və qiymətlərin artması müşahidə olunur”
Iqtisadçı Natiq Cəfərli bildirdi ki, son iki ayda Rusiyaya ixracatda böyük artım var: “Məlumdur ki, Azərbaycanın daxili istehsalı həm yerli tələbatı tam ödəməyə, həm də ixracla bağlı tələbi qarşılamağa yetərli deyil. Tərəvəz məhsullarının ixrac həcmi artan kimi daxili bazarda disbalans yaranır və qiymətlərin artması müşahidə olunur. Son iki ayda məhz bu tendensiyanı müşahidə edirik”.
Iqtisadçının sözlərinə görə, daxili tələbatı tam ödəyə bilməyən yerli istehsal daha çox ixracata köklənir. Belə olan halda daxili bazarda qiymət artımı yaşanır: “Son zamanlar tərəvəz məhsullarının qiymət artımı bununla bağlıdır. Bu bir daha onu deməyə əsas verir ki, daxili istehsalın sürətlə artırılması, məhsuldarlığın yüksəldilməsi prioritet olmalıdır. Onsuz da əkinə yararlı torpaqlarımız çox deyil. İndiki dövrdə bizdə məhsuldarlıqla bağlı problem var. Daxili bazarın tələbatını ödəmək, ixracı yüksəltmək üçün istehsalın artırılmasına ehtiyac var. Xaricdən gətirilən məhsulların qiymətinin bahalaşmaya təsiri var, amma əsas məsələ daxili istehsalın həcm olaraq yetərli olmamasıdır.
Onu da əlavə edim ki, toy və kütləvi şənliklərə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra xeyli sayda ərzaq və qeyri-ərzaq məhsuluna tələbat artıb. Bu da dərhal özünü qiymətlərdə göstərir. Hazırda nə yerli istehsal, nə də idxal imkanları artan tələbi qarşılayacaq səviyyədə deyil. Buna görə də istər-istəməz qiymətlər artır”.
Günel CƏLİLOVA