Sığorta şirkətlərinin ucuz avtomobillərdən imtinası cəmiyyətdə böyük narazılıq doğurub…

img

Azərbaycanda sığorta şirkətləri bəzi avtomobilləri sığorta etməkdən çəkinir. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddialara görə, şirkətlər, əsasən “Toyota Prius”, “Opel Astra”, “Xazar” və digər avtomobilləri sığorta etməkdə maraqlı deyillər.

Buna səbəb kimi həmin avtomobillərin taksi fəaliyyətinə daha çox cəlb olunmaları və qəza törətmələri göstərilir.

  • İcbari Sığortalar Bürosu - Rəşad Əhmədov: “Şirkətlərin belə bir haqqı yoxdur və qanun pozuntusudur”

İddialarla bağlı İcbari Sığortalar Bürosunun idarə heyətinin sədri Rəşad Əhmədov bildirdi ki, şirkətlərin belə bir haqqı yoxdur və qanun pozuntusudur: “Sığorta şirkətlərinin müraciət edən müştərinin sığorta təminatlarını verməmək kimi haqları yoxdur, onların belə bir yanaşması ola bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə və şirkət sığorta etdirməkdən boyun qaçırırsa, bu birbaşa qanun pozuntusudur. Bununla bağlı həmin vətəndaş Azərbaycanda sığorta şirkətlərinə nəzarət edən Mərkəzi Banka şikayət etməlidir. İcbari Sığortalar Bürosu hüquqi şəxslərin ittifaqıdır. Zərərçəkən üçüncü şəxslərin və sığorta müştərilərinin də maraqlarını qoruyan bir qurumdur. Belə bir fakt olarsa, bizə də müraciət edə bilərlər. Məmnuniyyətlə kömək edəcəyik”.

  •  “Atəşgah Sığorta” - Ülviyyə Məmmədova: “Bizdə icbari sığorta ilə bağlı hər hansı seçimli yanaşma yoxdur, lakin…”

 “Atəşgah sığorta”nın nümayəndəsi Ülviyyə Məmmədova da bildirdi ki, onlarda hər hansı “siyahı” yoxdur: “Bizdə icbari sığorta ilə bağlı hər hansı seçimli yanaşma yoxdur. Lakin “kasko” sığortalarla bağlı əməkdaşlar avtomobilə və sənədlərə baxdıqdan sonra qərar verir.

  • İlkin İbrahimov: “Sığorta agentlikləri tərəfindən qəbul edilməyən avtomobillər var”

Sığorta eksperti İlkin İbrahimov bildirdi ki, sığorta agentlikləri tərəfindən qəbul edilməyən avtomobillər var: “Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 31 adda avtomobil modellərini sığortalaya bilmirlər. Agentliklər bildirir ki, həmin 31 modeli sığortalayacaqları təqdirdə, sığorta şirkətləri onlara komissiya ödəmir. Bu istiqamətdə bir az problemlər var. Ancaq qanunda qeyd olunur ki, sığorta şirkətləri belə xidmət göstərməli deyil. Ümumiyyətlə, “AzSamand”, “Khazar”, “Ravon”, “London Taksi”, “MG”, “Saipa”nın bütün modelləri, qoşqu və yarımqoşqular, “Daewo”, “Hyundai”, “KİA”, “Renault”, “Lada”, “Opel” və s. markaların bir sıra modelləri 2016-dək olan “Toyota Prius”, “Baic” və digər avtomobillər sığorta şirkətlərinin qəbul etmədiyi minik vasitələridir”.

Günel CƏLİLOVA

Son xəbərlər