Türkiyə kriptovalyutadan imtina etdi - Azərbaycan üçün təhlükə varmı...

Fuad İbrahimov: “Gələcəkdə Azərbaycan da Türkiyənin kriptovalyuta ilə bağlı siyasətini yürüdə bilər”

img

“Bizim kriptovalyutaları qəbul etmək kimi fikrimiz yoxdur. Əksinə, onlara qarşı savaşır, mübarizə aparırıq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə deyib.

R.T.Ərdoğan qeyd edib ki, onlara heç vaxt belə bir mükafat vermərik, verməyəcəyik. Çünki biz hazırda öz milli valyutamızla yolumuza davam edəcəyik.

Xatırladaq ki, 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitkoinin ən əsas xüsusiyyəti ondan ibarətdir ki, Mərkəzi Bank da daxil olmaqla, hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Ona görə də valyutaların qiymət hərəkəti bitkoinə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir.

Ekspertlərin fikrincə, bitkoinin geniş vüsət alması maliyyə bazarlarında ciddi problemlərə səbəb ola bilər.

Məlumdur ki, bir çox ölkələr kriptovalyutaları qanuni elan edib. Maraqlıdır, kriptovalyuta ilə bağlı Azərbaycanın mövqeyi necə olacaq?

  • Azərbaycanda mövcud vəziyyətdə kriptovalyutalar qadağan deyil, amma rəsmiyyətə də salınmayıb

İqtisadçı-alim Fuad İbrahimov bildirdi ki, iqtisadi cəhətdən inkişaf edən ölkələr kibermüdaxilələrdən qorunmaq üçün kriptovalyutaları azad buraxmır: “Gələcəkdə Azərbaycan da Türkiyənin kriptovalyuta ilə bağlı siyasətini yürüdə bilər. Hesab edirəm ki, ölkəmizdə bununla əlaqədar radikal qərarlar olmayacaq və sərbəstlik veriləcək. Hazırda Azərbaycan ərazisində çox rahatlıqla elektron ticarət platformaları vasitəsilə istənilən kriptovalyutanı almaq və satmaq mümkündür. Hətta bir çox vətəndaşlarımız da bunu edir. Sadəcə olaraq, dövlət səviyyəsində kriptovalyutaları pula çevirəcək mexanizm hələ yoxdur. Yəni Azərbaycanda mövcud vəziyyətdə kriptovalyutalar qadağan deyil, amma rəsmiyyətə də salınmayıb”.

Günel CƏLİLOVA

Son xəbərlər