Məlum olduğu kimi, son zamanlar Türkiyə lirəsinin məzənnəsi dəyər itirir. Belə ki, Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Bu, tarixi minimum hesab edilir. Son bir ay ərzində Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib. Bu gün Türkiyədə 1 dolların alışı 8,5496 lirədən, satışı isə 8,5651 lirədən mübadilə olunur.
Maraqlıdır, lirənin dəyər itirməsi manata necə təsir edəcək? Adıçəkilən valyutanın məzənnəsinin aşağı düşməsi ölkələrarası ticarətə necə təsir edəcək?
“Türk lirəsinin qiymətinin düşməsi Azərbaycana türk məhsullarının ixracını stimullaşdıran amilə çevrilir”
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, lirənin dəyər itirməsi Azərbaycanda ucuzlaşmaya səbəb olacaq: “Artıq bəzi brendlərdə qiymətlərin düşməsi müşahidə olunur. Türkiyə lirəsi bazar iqtisadiyyatı şəraitində tənzimlənən məzənnələrdən biridir və bu məzənnə tez-tez oynayır. O da bəllidir ki, Azərbaycan manatının məzənnəsi sabitdir, çünki inzibati qaydada tənzimlənir. Türk lirəsinin qiymətinin düşməsi Azərbaycana türk məhsullarının ixracını stimullaşdıran amilə çevrilir. Bu baxımdan türk məhsulları ölkəmizə daha çox gətiriləcək və bu məhsullarda ucuzlaşma qeydə alınacaq. Lakin hələ ki, belə dəyişiklik nəzərəçarpacaq dərəcədə hiss edilmir".
İqtisadçı onu da vurğuladı ki, artıq Bakıda bəzi mağazalarda Türkiyədən gətirilən geyim məhsullarında, bir sıra brendlərdə ucuzlaşma hiss olunur. Lakin, ümumilikdə, ciddi şəkildə ucuzlaşma hiss edilmir. Məzənnə davamlı şəkildə aşağı olaraq qalarsa, biz qiymətlərin daha da ucuzlaşmasının şahidi olacağıq".
Günel CƏLİLOVA