MDB Statistika Qurumu növbəti hesabatı açıqlayıb. Hesabatda qeyd olunur ki, Azərbaycan ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksinin artımına görə ilk pilləyə yüksəlib.
Qeyd olunur ki, bunun başlıca səbəblərindən biri mədən sənayesi bölməsində istehsal olunan məhsulların bahalaşmasıdır. İstehlak qiymətləri indeksinə gəlincə, Azərbaycanda 1-ci rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub.
Maraqlıdır, MDB Statistika Qurumu nəyə görə Azərbaycanın bahalaşmaya görə ilk sırada yer almasını müəyyən edib?
Natiq Cəfərli: “Əsasən də ərzaq məhsullarının satış qiymətində ciddi artım var”
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, yerli statistik məlumatlarda da bildirilir ki, inflyasiya xeyli sürətlənib: “Ötən illə müqayisədə ərzaq məhsullarının satış qiyməti yüksəlib. Ərzaq inflyasiyası 5 faizə çatıb. Vətəndaşların özləri də gündəlik bahalaşmanın baş verdiyini müşahidə edirlər. Əsasən də ərzaq məhsullarının satış qiymətində ciddi artım var. Bu səbəbdən də MDB Statistika Qurumunun açıqladığı hesabat təəccüb doğurmur. Bahalaşmanın yaşanması gözlənilən hal idi. Məlumdur ki, yanvar ayından başlayaraq qiymət artımı kifayət qədər ciddi şəkildə sürətlənib. Nəticə etibarilə də Azərbaycan bu göstəriciyə görə MDB-də öndə gedən ölkələrdən birinə çevrilib”.
Qubad İbadoğlu: “Son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb”
İqtisadçı-alim Qubad İbadoğlu bildirdi ki, son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb: “2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib. Qiymət artımının yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması, eləcə də idxal olunan malların bəzilərinin mənşə qiymətinin, daşınma xərclərinin və gömrük ödənişlərinin süni artırılması şərtləndirib”.
Günel CƏLİLOVA