Azad edilmiş rayonlarımızda investisiya işləri Azərbaycan-Türkiyə işbirliyinə yeni məzmun gətirir

Kamran Məmmədli: “Xarici investorlar Qarabağda daha çox turizm və aqrar sahəyə investisiya yatıracaqlar”

img

İşğaldan azad edilən torpaqların dirçəldilməsi və inkişafı üçün bir sıra önəmli layihələr hazırlanır. Dövlət və özəl sektorun birgə fəaliyyəti yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialından düzgün istifadə etməyə imkan verəcək.

Türkiyəli iş adamları da bu prosesə qoşularaq ərazinin sürətli iqtisadi inkişafı üçün sərmayə qoymağa hazır olduqlarını bildiriblər. Qeyd edək ki, artıq bir sıra sahələr üzrə fəaliyyət planı da hazırlanıb.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanqın media nümayəndələrinə açıqlamasında qeyd edib ki, illərdir bu günlər üçün hazırlıqlar görülüb. Bəzi sahələr üzrə spesifik olaraq iqtisadi potensial öyrənilib.

Camal Yanqının sözlərinə görə, işğaldan azad edilən ərazilərdə bir çox sahə üzrə yeni infrastrukturun qurulması üçün geniş imkanlar var. Xüsusilə kənd təsərrüfatı, turizm sektoru, sənaye məhəllələri bölgə əhalisınin maddi rifahı üçün olduqca önəmlidir. Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvləri əsas hədəf kimi iqtisadi inkişafı prioritet seçərək, ilk illərdə qazancı düşünməyəcəklər.

  • “İşğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir”

Türk iş adamlarının azad edilmiş torpaqlara investisiya yatırmasının əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, işğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir: “Həmin ərazilərdə müəyyən işlər görüldükdən sonra yerli və xarici investorlar maliyyə yatırmaqda maraqlıdırlar. Xarici investorlar sırasında türk iş adamlarının daha çox olacağı isə tam gözləniləndir. Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə, yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması imkanları kifayət qədər böyükdür”.

Həmsöhbətimiz hesab edir ki, xarici investorlar Qarabağda daha çox turizm və aqrar sahəyə investisiya yatıracaqlar. Çünki Qarabağın turistik və aqrar sektorda imkanları yüksək səviyyədədir: “Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdırlar".

Günel CƏLİLOVA

Son xəbərlər