Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Dəyişikliklərə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallara aid edilirdi.
Həmçinin, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri $1000-dən 300 dollara qədər azaldılıb.
Qaydalara daxil edilən əlavəyə əsasən, “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” üzrə 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızların yazılı qaydada gömrük bəyannaməsinin rəsmiləşdirilməsi tələb oluncaq.
Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları üçün də yazılı bəyannamə tələb olunacaq.
Bu dəyişikliklər 2020-ci il sentyabrın 19-da qüvvəyə minir.