Azərbaycan banklarının bugünkü vəziyyəti çox ağırdır. Bu danılmaz faktdır. Bunun bir neçə səbəbi var. Əlbəttə, bankların ağır durumda olmasının əsas səbəbi pandemiya ilə əlaqədər olaraq kreditlərin ödənişinin vaxtında edilməməsi, əmanətlərin banklardan sürətlə geri çəkilməsidir. Belə olduğu halda, bankın əmanəti azalır, digər tərəfdən, müştəri cəlb edərək ona kredit verir. Götürülən pullar geri qayıtmır və əmanətçi öz vəsaitini çıxarmağa gəldiyi zaman bank aciz qalır.
Onu da qeyd edək ki, bu il 4 bankın fəaliyyətini dayandırması və həmin banklara əmanət yerləşdirənlərin depoziti geri almaqda çətinlik çəkməsi bank sektoruna inamı daha da sarsıdıb. Bu səbəbdən də son zamanlar vətəndaşlar banklara yerləşdirdikləri əmanətləri geri çəkirlər.
“Son 4 bankın bağlanması fonunda meydana çıxan problemlər də buna nümunədir”
Bank sahəsi üzrə mütəxəssis, ekspert Əkrəm Həsənov qeyd etdi ki, karantin rejiminin yumşaldılması ilə bank sektorunda canlanmanın olması gözlənilirdi: “Canlanma deyəndə, ilk növbədə, əmanətlərin qoyuluşu və kreditləşdirmə nəzərdə tutulur. Lakin hazırkı vəziyyət bunun əksini deyir. Çünki bu gün əmanətlər banklardan çıxarılır. Səbəb isə insanların banklara, əmanətlərin sığortalanmasına güvənlərinin azalmasıdır. Məlumat üçün bildirim ki, son 4 bankın bağlanması fonunda meydana çıxan problemlər də buna nümunədir. Onu da qeyd edim ki, bu gün banklara əmanət qoymaq istəyənlər azdır”.
Qeyd edək ki, vətəndaşlar əmanət faizindən imtina etməklə, əmanətlərini geri çəkmək üçün banka müraciət edə bilərlər. Əmanət müqaviləsinə uyğun olaraq, əmanətçiyə müəyyən faizlər nəzərdə tutulub. Müqaviləni vaxtından əvvəl pozmaq artıq faizlərdən imtina deməkdir. Vətəndaşlar öz əmanətlərindən ötrü narahatlıq keçirirlərsə, vaxtından əvvəl faizlərdən imtina şərtilə banka müraciət edərək əmanətlərini geri istəməyə başlaya bilərlər. Çünki vətəndaş bu gün əsas pulunu xilas etməyin dərdindədir, nəinki faizlərin.
Günel CƏLİLOVA