Ölkə iqtisadiyyatının inkişafı, azad sahibkarlığın təşviqi üçün təkcə daxili bazar yetərli deyil. Qeyri-neft sektorunun inkişafı, istehsalın təşviqi üçün xarici bazarlarda Azərbaycan məhsullarının özünə yer tutması, bazar payına sahib olması da əhəmiyyətli məsələdir.
Pandemiya dövrü olmasına baxmayaraq, Azərbaycanın kənd təsərrüfatı sahəsi eyni templə fəaliyyət göstərməyə davam edib. Görülən işlər nəticəsində bu gün ölkənin aqrar sektoru inkişaf səviyyəsindədir. Açıqlanan statistik rəqəmlərə əsasən, 2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 919,6 milyon manat təşkil edib. Həmin məbləğin 2 milyard 450,9 milyon manatı heyvandarlıq, 2 milyard 468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,0 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 0,7 faiz artıb.
“Dövlət başçısının həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub”
Kənd təsərrüfatı sahəsində qeydə alınan inkişaf barəsində fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev qeyd etdi ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahədə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib: “Aqrar sahənin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılması dövlətin strateji inkişaf konsepsiyasında çox mühüm yer tutur. Məqsəd yerli istehsal hesabına daxili tələbatı ödəmək və ixrac potensialında bu sektorun çəkisini artırmaqdır. Həyata keçirilən nəticəyönümlü tədbirlər müsbət dinamika ilə müşayiət olunur. Onu da bildirim ki, fermerin su, texnika ilə təminatı, istehsal üçün yaradılan bütün imkanlardan heç də az əhəmiyyət kəsb etməyən digər məsələ isə məhsulun, əkin sahələrinin yanğından qorunmasıdır. Göründüyü kimi, ölkədə aqrar sektorun inkişafına kompleks yanaşılır. Həyata keçirilən və planlaşdırılan tədbirlər isə şübhəsiz ki, ölkənin ərzaq təhlükəsizliyi və ixrac potensialının möhkəmləndirilməsində pozitiv meylləri daha da gücləndirəcək”.
Qeyd edək ki, Azərbaycanın aparıcı məhsulları, xüsusən də kənd təsərrüfatı malları xüsusi dadı və təbii keyfiyyəti ilə dünyanın bir çox ölkəsində, xüsusən də Körfəz ölkələrində sevilir. Bu səbəbdən də kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsinə ehtiyac var.
Günel CƏLİLOVA