Pandemiya Avropa avtomobil bazarlarının böyük çöküşünə səbəb olub. Yeni avtomobillərin istehsalı azalıb. Maliyyə problemləri səbəbilə isə insanlar istifadə olunmuş avtomobillərdən imtina və satışı dayandırıblar.
Mütəxəssislərin fikrincə, lüks avtomobil bazarında yaşanan durğunluq 2023-cu ilə qədər davam edəcək. Onların fikrincə, pandemiyanın iqtisadiyyata vurduğu zərər nəticəsində avtomobil bazarı iki-üç ilə ancaq özünü toparlaya bilər.
Pandemiya ölkəmizdə də avtomobil bazarına təsir edib. Belə ki, bahalı, lüks avtomobil alanların sayı 30-40 faiz azalıb.
“Əvvəllər maşın həvəskarları tez-tez avtomobillərini yeniləyirdilər, indi hətta onlar belə buna önəm vermirlər”
Ekspert Rəhim Əliyev bildirdi ki, koronavirus səbəbindən iqtisadi durumun aşağı düşməsi lüks avtomobil sənayesi istehsalına təsirsiz ötüşməyib: “Pandemiya ilə əlaqədar olaraq bir neçə ay öncə onların istehsalı və satışı tamamilə dayandırılıb. Ölkəmizdə hər il lüks avtomobil istehsalçıları təmsil olunsalar da, onların satış vəziyyəti ürəkaçan səviyyədə deyil. Bu hal daha da kritikləşəcək. Lüks avtomobil dillerləri yaxın günlərdə satışı aktivləşdirmək üçün müəyyən kredit proqramları tətbiq edə bilərlər.
Bu yaxınlarda ölkəmizdə “Nurgün Motors”, “Chevrolet” və bir çox avtomobil şirkəti onlayn satış həyata keçirdi. Düzdür, bu, vəziyyətlə bağlı olaraq ən yaxşı çıxış yoluydu. Amma bir məsələni də diqqətə çatdırım ki, salonlar işləsəydi belə, real vəziyyətdə alıcıların sayı elə onlayndakı qədər olacaqdı. Çünki indi insanlar gözləmə mövqeyindədirlər və əllərində olan vəsaitlə avtomobil almaqda maraqlı deyillər. Əvvəllər maşın həvəskarları tez-tez avtomobillərini yeniləyirdilər. İndi hətta onlar belə buna önəm vermirlər. Hazırda bu kimi amillər avtomobil bazarına ciddi təsir göstərib”.
Müsahibimizin dediyindən belə aydın oldu ki, hazırda avtomobil bazarında durğunluq müşahidə olunur. Bazarlarda fəaliyyət məhduddur, ancaq internet üzərindən müəyyən satışlar həyata keçirilir.
Günel CƏLİLOVA