18/09/2020 12:47
728 x 90

Təyyarələri dövlət alır və aeroportları dövlət tikirsə - AZAL-ın faydası nə...

Natiq Cəfərli: “AZAL inhisarçı şirkət olaraq, bazarda hegemon rola malikdir və istədiyi qiyməti diqtə edir”

img

Dövlət başçısı İlham Əliyev avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə dövlət şirkətlərini sərt tənqid edib. Ölkə başçısı AZAL və digər qurumlara bəzi iradlarını bildirib.

Prezident çıxışı zamanı qeyd edib ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb: “Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?".

  • ...biletləri regionda bəlkə də ən baha AZAL satır, amma ziyanla işləyir”

Prezidentin məlum çıxışı ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, dövlət şirkətləri rəsmi büdcədən ən çox dəstək, yardım alan, hətta vergi və kommunal borcları tez-tez silinən şirkətlərdir. Onların infrastrukturu - avadanlıqların alınmasından təmir işlərinə qədər hamısı dövlət büdcəsi hesabına təmin olunur: “ Təkcə 2018-ci ilin nəticələrinə görə, AZAL 208 milyon zərərlə işləyib. AZAL-ın təyyarələrini dövlət alır, hava limanlarını dövlət tikir, dövlətdən yardım alır. Yeri gəlmişkən, biletləri regionda bəlkə də ən baha AZAL satır, amma ziyanla işləyir. Bu onu göstərir ki, idarəetmə qeyri-şəffafdır, xərcləmələr şişirdilir, korrupsiya hallarının olması çox yüksəkdir. Nəticə etibarilə də dövlət şirkətlərinin qeyri-effektiv çalışdığının şahidi oluruq”.

Həmsöhbətimizin sözlərinə görə, AZAL-ın hazırkı qiymətləri insanları soymaqdan başqa nəyəsə xidmət etmir: “Biletlərin qiyməti gediş-gəliş 890 manatdır, üzərinə test xərclərini də gələndə 1000 manata yaxınlaşır. Halbuki, pandemiya şəraitində dünya ölkələrinin hava şirkətləri sərnişinlərin səyahətini stimullaşdırmaqdan ötrü ciddi endirim kampaniyalarına gedirlər. Çünki pandemiya dövründə insanların davranış qayaları dəyişib, virus təhlükəsindən səfər etmək istəyənlərin sayı azalıb. Ona görə müxtəlif təşviq kampaniyaları aparırlar. Bizə tanış olan “Türk Hava Yolları”, “Pegasus”, “WizzAir” və başqa şirkətlər Avropa daxilində endirimli uçuşlar təklif edirlər. Amma bizdə tam tərsi müşahidə edilir. AZAL inhisarçı şirkət olaraq, bazarda hegemon rola malikdir və istədiyi qiyməti diqtə edir.

Adıçəkilən qurumun mənfəətinin olmamasının səbəbi  ayrılan vəsaitin doğru-düzgün sərf olunmamasıdır. İkincisi isə xərclərin şişirdilməsidir. Məhz bu amillər mənfəətin çıxarılmasına mane olur. Halbuki, belə olmalı deyil. Bu o deməkdir ki, həmin qurum inhisarçıdır. Nəzərə almaq lazımdır ki, AZAL-ın bazarda rəqibi yoxdur”.

Müsahibimizin dediyindən belə aydın oldu ki, AZAL-a çox ciddi nəzarət lazımdır.

Günel CƏLİLOVA

Son xəbərlər