19/09/2020 23:07
728 x 90

Koronavirus bir çox dövləti borca saldı, Azərbaycan yenə istisna – xarici borcumuz 110 milyon azalıb

Fuad İbrahimov: “Koronavirusun dünyada tüğyan etdiyi bir dövrdə Azərbaycanın xarici borcu azalırsa, bu, ciddi uğurdur”

img

Pandemiya ilə əlaqədar bir sıra ölkələrin xarici borcları artır. Koronavirus iqtisadiyyata güclü zərbə vurduğu üçün bir çox dövlət yenidən borclanıb. Bu səbəbdən beynəlxalq maliyyə qurumlarına müraciət edən dövlətlərin sayı xeyli artıb. Bu isə, nəticə etibarilə, xarici borclanmanın səviyyəsinin bir az da artmasına gətirib çıxarıb.  

Ancaq həmin ölkələrdən fərqli olaraq, bu il Azərbaycanın xarici dövlət borcu 110 milyon dollardan çox azalıb. Belə ki, bu ilin 1 iyul tarixinə dövlət şirkətlərinin xarici kreditorlar qarşısında öhdəlikləri nəzərə alınmaqla Azərbaycanın dövlət xarici borcu 8 milyard 960.3 milyon təşkil edir. Bu da ilin əvvəlinə nisbətən 1,5% və ya 110.3 milyon dollar azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, hökumət dövlətin xarici borcunun bir hissəsini ödəyib. Dövlət borcunun strukturunda 8 milyard 960,3 milyon dollar (15 milyard 232.5 milyon manat) və ya ÜDM-in 22.4% -i xarici borcun, 1 milyard 450.1 milyon manat və ya ÜDM-in 2,1% -i daxili borcun payına düşür. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Bütövlükdə, pandemiyya şəraitində Azərbaycanın xarici borcunun azalmasını ekspertlər necə dəyərləndirirlər?

  • ...dövlətin dayanıqlığından irəli gəlir”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, indiki çətin vaxtda Azərbaycanın xarici borcunun azalması böyük müsbət göstəricidir: “Əvvəla indiki şəraitdə bir sıra dövlətlərin borclanmaya getməsi təbii haldır. Çünki yaranan vəziyyət bunu tələb edir. Digər tərəfdən, daha çox borclanmaya getmək iqtisadiyyatın şaxələnməsinə, inkişafına, stimullaşdırılmasına hesablanıb. Eyni zamanda, büdcə kəsiri yarananda onu aradan qaldırmaq üçün dövlətlər xarici borclanmaya gedirlər. Adətən, iqtisadi böhranlar zamanı, paralel olaraq, bütün dövlətlərin xarici borcları artır. Belə bir halda hər hansı ölkə xarici borclanmaya getmirsə, bu həqiqətən də böyük müsbət göstəricidir. Eyni zamanda, koronavirusun dünyada tüğyan etdiyi bir dövrdə Azərbaycanın xarici borcu azalırsa, bu, ciddi uğurdur. Bu, ölkə iqtisadiyyatının sağlamlığından, dövlətin dayanıqlığından irəli gəlir. Bu həm də dövlətin maliyyə ehtiyatlarının mövcud olması ilə bağlıdır. Maliyyə ehtiyatları olmadan bunun öhdəsindən gəlmək mümkün deyil. Azərbaycanın kifayət qədər strateji valyuta ehtiyatı var. Belə ki, ölkənin ümumi valyuta ehtiyatları 55 milyard dollara yaxındır. Bu da Azərbaycan kimi ölkə üçün balaca rəqəm deyil. O baxımdan bütün bunların fonunda, pandemiya şəraitində biz xarici borcları azalda biliriksə, bu böyük uğurdur”.

Ekspertin fikrincə, pandemiya ilə əlaqədar xarici borclanmaya getməyən ölkələrin sayı çox azdır.

Vidadi ORDAHALLI

Son xəbərlər