Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Ancaq pandemiya ilə əlaqədar olaraq turizm sektorunun vəziyyəti mənfiyə doğru dəyişib.
Məlumdur ki, hazırda pandemiyaya ilə əlaqədar olaraq hotellərin fəaliyyəti vüvəqqəti olaraq dayanıb. Son günlər dünya mətbuatında pandemiyanın yaratdığı şəraitdə bir sıra hotel sahiblərinin müflis olması səbəbi ilə öz hotellərini satışa çıxarması xəbərləri yayılır.
Maraqlıdır, ölkəmizdə bu sahədə vəziyyət necədir? Hotellərin maliyyə vəziyyəti qənaətbəxş durumdadır, yoxsa əksinə.
“Azərbaycanda fəaliyyət göstərən otellərin müflis olmaması üçün aidiyyatı qurumlar bu sahəyə dəstək göstərməlidir”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm bildirdi ki, Azərbaycanda hələ də hotellərin fəaliyyətinə icazə verilməsə də, amma onlar üçün metodiki göstərişlər hazırlanıb: “Məlumat üçün bildirim ki, pandemiya dövründə hotellərin və restoranların fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb. Ancaq buna baxmayaraq, bu sahədə bəzi problemlər mövcuddur. Belə ki, karantin rejimi yeni biznesə nisbətən kiçik və orta sahibkarlığa daha çox təsir edib. Yəni iri sahibkarlar yığdıqları ehtiyatlar, yaxud hansısa fondların hesabına özlərini qoruyub saxlaya bilirlər. Amma kiçik və orta sahibkarlıqla məşğul olanlara bunu aid etmək olmaz”.
E.Rüstəmin sözlərinə görə, koronavirusla əlaqədar olaraq xarici ölkələrdə hotellərin fəaliyyəti müvəqqəti olaraq dayanıb. Xarici ölkələrdə fəaliyyət göstərən hotellərin əksəriyyətinin maliyyə vəziyyəti sıfırdır: “Hətta bəzi hotellər müflis olduqlarını rəsmən bəyan ediblər. Azərbaycan fəaliyyət göstərən otellərin müflis olmaması üçün aidiyyatı qurumlar bu sahəyə dəstək göstərməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hotellərlə bağlı problemlərin həlli kimi hotellərin restoranlarının açıq hava altında olan hissələrini, həmçinin çimərliklərini açılması daha məqsədəuyğundur. Çünki yay qurtarır, amma insanlar D vitamini ala bilmirlər və bu da immuniteti aşağı salır. Payızda havalar soyuduqdan sonra uşaqlar və yaşlılar hamısı xəstələnəcək. Bu da, öz növbəsində, həmin virusun növbəti dalğasının gəlməsi deməkdir.
Ekspertin şərhindən belə aydın oldu ki, pandemiya ilə bağlı olaraq otellərin maddi durumu ürək açan deyil.
Günel CƏLİLOVA