Bu günlərdə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bəyan edib ki, bu il investisiya proqramı tam icra ediləcək.
Ölkə başçısı bunu onunla əsaslandırıb ki, bu sahədə də şəffaflıq təmin edilir, satınalmalarla bağlı islahatlar aparılır, tender prosedurları gözlənilir: “Buna mən göstəriş vermişəm. Amma eyni zamanda, hamımız yaxşı başa düşürük ki, investisiya proqramı həm ölkə üçün lazımi infrastrukturun yaradılmasına xidmət göstərir, eyni zamanda, məşğulluq üçün də önəmli amildir. Ona görə çalışın, investisiya proqramı ilin sonunadək tam icra edilsin”.
Bu ilin qalan müddəti ərzində görülməli olan işlər, reallaşacaq layihələrlə bağlı ciddi tapşırıqlarını verən dövlət başçısı vurğulayıb ki, əsas məsələ büdcənin formalaşdırılmasıdır. Ona görə də, ilk növbədə, neftin qiyməti düzgün müəyyən edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası da təmin edilsin. Bunların sırasında su təchizatı ön plandadır.
Ümumilikdə, indiki çətin dövrdə nəzərdə tutulan bütün investisiya proqramlarını həyata keçirmək hər ölkənin işi deyil. Məsələ ondadır ki, pandemiya ilə əlaqədar olaraq əksər ölkələrdə investisiya layihələri yarımçıq qalıb. Ancaq görünən odur ki, Azərbaycan bunu həyata keçirməyə qadir azsaylı ölkələrdən biridir. O baxımdan sözügedən üstünlüyün əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Bu onu göstərir ki, ölkə iqtisadiyyatı kifayət qədər dayanıqlıdır və lazım olan ehtiyatlara malikdir”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanın investisiya proqramlarını icra etmək üçün ehtiyatları mövcuddur: “Bizim maddi imkanlarımız və ehtiyatlarımız imkan verir ki, investisiya proqramları icra edilsin. Təqdirəlayiqdir ki, ən azından 2020-ci ildə nəzərdə tutulan büdcə xərclərinin yerinə yetirilməsində heç bir çətinlik olmayacaq. Büdcə gəlirləri ilə bağlı müəyyən çətinliklər olsa, o zaman biz rezervlərdən istifadə etməklə bunu həll edə bilərik. Hesab edirəm ki, bu çox müsbət haldır. Ancaq bir bir şeyi nəzərə almaq lazımdır ki, ölkə rəhbəri daha çox sosialyönümlü investisiya layihələrinin kəsirsiz həll olunacağını nəzərdə tuturdu. Eyni zamanda işarə edirdi ki, koronavirus pandemiyası ilə əlaqədar lazım gəlsə, Azərbaycan da digər kapital qoyuluşları siyasətinə yenidən baxa bilər. Hesab edirəm ki, bu xərclərə yenidən baxılması əlverişli hesab oluna bilər. Ona görə ki, ən azından pandemiyanın nə zaman səngiyəcəyi bəlli deyil. Çünki bunun sərhədi bəlli deyil və bilinmir nə vaxt bitəcək. O baxımdan ehtiyatları əldən vermək olmaz və düşünürəm ki, sentyabr ayında ölkə rəhbərinin nəzarəti altında büdcə xərclərinə yenidən baxılacaq. Ancaq ümumiyyətlə, Azərbaycanın pandemiya dövründə nəzərdə tutulan investisiya proqramlarını icra etməsi böyük üstünlükdür. Bu onu göstərir ki, ölkə iqtisadiyyatı kifayət qədər dayanıqlıdır və lazım olan ehtiyatlara malikdir”.
Pandemiya şəraitində Azərbaycanın nəzərdə tutulan bütün investisiya layihələrini həyata keçirə bilməsi həm də ölkənin zəngin və çoxşaxəli potensiala malik olmasının göstəricisidir.
Vidadi ORDAHALLI