08/08/2020 13:47
728 x 90

Özəl sektorun kredit faizlərini pandemiya dövründə donduran ölkələrin təcrübəsini biz də götürsək...

Natiq Cəfərli: “Azərbaycanda pandemiyanın ən çox vurduğu ziyanlardan biri kreditlərlə bağlıdır”

img

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə bank sektorunda bəzi güzəştlərə icazə verilib. Belə ki, martın 1-dən sentyabrın 30-a qədər biznes və istehlak kreditini ödəyə bilməyən vətəndaşlara cərimə faizi və dəbbə pulu hesablanmayacaq.

Qeyd edək ki, Mərkəzi Bankın qərarına əsasən, pandemiya şəraitində əhalinin və biznesin dəstəklənməsi üçün sentyabrın 30-dan sonra vətəndaşa yeni kredit tarixçəsi açılacaq. Bu müddət ərzində müştərinin ödəmədiyi əsas kredit borcu da ora əlavə ediləcək. İpoteka kreditləri ilə də bağlı güzəşt olacaq. Onu da bildirək ki, İpoteka və Kredit Zəmanət Fondu artıq bununla bağlı qaydaları açıqlayıb. Qaydalara əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər. Qeyd edək ki, güzəştlər, eyni zamanda, sığorta öhdəliyi olan vətəndaşlara da şamil ediləcək. Bu müddət ərzində Mərkəzi Bank kommersiya banklarının dəstəklənməsi və onlara müəyyən güzəştlərin edilməsini də həyata keçirəcək.

Lakin kreditlərin üst-üstə yığılması növbəti, payız aylarında onun ödənilməsini daha da çətinləşdirəcək. Onu da bildirək ki, bir sıra xarici ölkələr də özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündürmü?

  • “Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib, Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür”

Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda pandemiyanın ən çox vurduğu ziyanlardan biri kreditlərlə bağlıdır. Lakin bununla bağlı biz çox dərindən düşünülmüş, problemi dərindən önləyə biləcək addımları görə bilmədik: “Bildiyiniz kimi, ipoteka kreditləri ilə bağlı o qədər də nəzərə  çarpmayan güzəştlər var. Çünki bu aylarda yığılan vəsaitlərin bir hissəsini sonradan artıqlaması ilə qaytarmalı olacaqlar. Bundan başqa, fəaliyyətinə qadağa qoyulan özəl sektorlarda çalışan iş adamlarının götürdükləri kreditlərin faiz dərəcələrinin yarısını ödəməyi hökumət üzərinə götürüb. Onların gəlirləri yoxdursa, kreditlərinin yerdə qalan faizini belə ödəyə bilməyəcək. Problem dərinliyinədək ölçülmədi, adekvat addımlar atılmadı və bunun nəticəsi olaraq da payız aylarında problemli kreditlərin həcmində ciddi artımların olma ehtimalı var. Bu zaman da bank sektorunda müəyyən dalğaların, problemlərin yaşanması ehtimalı yarana bilər".

Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi xarici ölkələrdə faiz dərəcələrinin dondurulması üçün müxtəlif təcrübələr olub:"Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür”.

Müsahiblərin fikrindən belə aydın olur ki, pandemiya dövründə özəl sektorun kredit faizlərinin dondurulması təqdir olunur.

Günel CƏLİLOVA  

Son xəbərlər