“Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta, bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir”. Bunu Prezident İlham Əliyev yerli kanallara müsahibə verərkən bildirib.
O qeyd edib ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz, istər-istəməz, investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda, işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
Prezidentin qeyd etdiyi kimi, cari ilin 6 ayı ərzində valyuta ehtiyatlarımız 98 milyon dollar azalıb. Valyuta ehtiyatının azalmasının səbəbini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
“Pandemiyanın təsirlərinin minimumlaşdırılması ilə bağlı kifayət qədər böyük vəsait xərclənir”
Millət vəkili Rüfət Quliyev bildirdi ki, pandemiya dövründə Azərbaycan öz valyuta ehtiyatlarını qoruya bilib. Bunun özü müsbət göstəricidir: “Pandemiya başlayandan bəri kifayət qədər böyük həcmdə məbləğ bu istiqamətə yönəldilib. Dövlət büdcəsi və kənar mənbələr hesabına sözügedən paketin maliyyələşdirilməsi həyata keçirilir. Məlumdur ki, pandemiyanın təsirlərinin minimuma endirilməsi ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlər çoxlu sayda vətəndaşı əhatə edir. Bu istiqamətdə görülən işlərə baxmayaraq, biz valyuta ehtiyatlarımızı qoruyub saxlaya bilmişik. Bir tərəfdən pandemiyanın təsirlərinin minimumlaşdırılması ilə bağlı kifayət qədər böyük vəsait xərclənir, o birisi tərəfdən valyuta ehtiyatlarımızı qoruya bilmişik”.
Günel CƏLİLOVA