Məlumatlara görə, bu il iyunun 1-nə Azərbaycan banklarına qoyulan manatla depozitlərin həcmi 8 milyard 002,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, bu, mayın 1-i ilə müqayisədə 3 faiz çoxdur. Bu, 2020-ci il yanvarın 1-nə nisbətən 8,3 faiz az, ötən il iyunun 1-i ilə müqayisədə isə 7,5 faiz çoxdur.
Hesabat dövründə banklara xarici valyutada qoyulan depozitlər illik müqayisədə 1,7 faiz artaraq 9 milyard 608,9 milyon manata yüksəlib.
Qeyd edildiyi kimi, cari il ərzində ölkə banklarına manatla yatırılan əmanətlərin həcmi azalıb. Milli valyuta ilə qoyulan depozitlərin həcmini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
“Bankların fəaliyyəti tələb olunan şərtlərə cavab vermədikcə, əmanət faizlərinin artırılması ilə dövlət özünü böyük bir risq altında qoyur”
İqtisadçı Pərviz Heydərov bildirdi ki, əhalinin bank əmanətlərinə marağının artırılması təkcə dövlətin vəzifəsi deyil. Hökumət tərəfindən əmanətlərin sığortalanması faizinin artırılması ilə, bir növ, banklara əhalinin inamının çoxalması üçün addım atılmış oldu: “Dövlət bununla artıq 10%-lə deyil, 12%-lə yerləşdirilən əmanətlərə cavabdehlik daşıdığını nümayiş etdirdi. Lakin banklara əmanət cəlb edilməsinin daha əlverişli xarakter kəsb etməsi üçün bankların özünün də addımlar atması lazımdır. Banklar özləri də çalışmalıdırlar ki, əhali, eyni zamanda, sahibkarlıq sturkturları öz vəsaitlərini yerləşdirməkdə maraqlı olsunlar. Bunun üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə edilməlidir. Banklar arasında bu sahədə rəqabət müşahidə olunmalıdır. Hər bir bank çalışmalıdır ki, vətəndaşı məhz özünə cəlb etsin. Bununla da vətəndaşın əmanət yerləşdirməsində daha çox özünün üstün mövqeyə sahib olmasına nail olmalıdır. Təəssüf ki, bizdə bankların real vəziyyəti ilə əlaqədar olaraq bu amil müşahidə olunmur. Dövlət bank əmanətlərinin bundan da yüksək faizlə sığortalanmasını öhdəsinə götürə bilər. Amma nəzərə almalıyıq ki, bankların fəaliyyəti tələb olunan şərtlərə cavab vermədikcə, əmanət faizlərinin artırılması ilə dövlət özünü böyük bir risq altında qoyur”.
Günel CƏLİLOVA