09/08/2020 12:21
728 x 90

Koronavirus dövründə Azərbaycanın bütün ölkələrdən daha bir fərqli maliyyə-iqtisadi göstəricisi – Mərkəzi Bankın ehtiyatları 21 milyon dollar çoxalıb...

Əli Əlirzayev: “Bu onu göstərir ki, dövlət maliyyə rezervlərini qorumaq üçün düşünülmüş siyasət aparır”

img

Koronavirus pandemiyası səbəbindən bir sıra ölkələrdə mərkəzi bankların ehtiyatları azalır. Belə ki, iqtisadi fəallığın aşağı düşməsi səbəbindən mərkəzi banklarda toplanan vəsaitlər zəruri məqsədlərə xərclənir.

Məsələ ondadır ki, hökumətlər makroiqtisadi sabitliyi, maliyyə tarazlığını qorumaqdan ötrü vəsaitləri dövriyyəyə buraxırlar. Eyni zamanda, inflyasiya səviyyəsini cilovlamaq üçün müəyyən xərclərə gedilməsi qaçılmaz olur. Bütün bunların nəticəsində vəsaitlərin həcmi azalır. Nəticədə dövlətlər maliyyə itkisi ilə üzləşirlər. Pandemiya davam etdikcə, ehtiyat rezervlərin həcmi azalmaqda davam edir. Belə vəziyyət həm də gələcək maliyyə sıxıntılarına zəmin yaradır.

Ancaq maraqlıdır ki, Azərbaycanda, bundan fərqli olaraq, ehtiyatlar artıb. Belə ki, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Məlum olub ki, Mərkəzi Bankın valyuta ehtiyatları iyulun 1-nə 6 milyard 436,3 milyon dollar olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 21,9 milyon dollar çoxdur.

O baxımdan pandemiya dövründə Azərbaycanda yaranan bu üstün maliyyə göstəricisini ekspertlər necə şərh edirlər?

  • “Risqlər artdığına görə investorların maliyyə vəsaitlərinə tələbi azalıb”

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, Mərkəzi Bankın ehtiyatlarının indiki çətin bir vaxtda azalmaq əvəzinə çoxalması müsbət haldır: “Bu onu göstərir ki, Azərbaycan dövləti maliyyə rezervlərini qorumaq üçün düşünülmüş siyasət aparır. Bu çətin vaxtda çalışmaq lazımdır ki, bütün sahələrdə ehtiyat vəsaitlər artsın. Çünki gəlirlərin azaldığı bir vaxtda maliyyə ehtiyatlarının qorunması olduqca vacibdir. Digər tərəfdən, risqlər artdığına görə investorların maliyyə vəsaitlərinə tələbi azalıb. Hazırkı vaxtda harasa sərmayə qoymağı risqli hesab edirlər. Fikrimcə, bu amilin də maliyyə vəsaitlərinin qorunmasında rolu var. Ehtiyatların artması həm də bununla bağlıdır. Bununla yanaşı, Azərbaycan koronavirusla əlaqədar digər resurslardan istifadə etdiyinə görə Mərkəzi Bankın üzərinə yük düşmür. Bütövlükdə, belə vəziyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər onunla bağlıdır ki, iqtisadiyyatın genişlənməsi, şaxələnməsi daralır. Subyektiv səbəb isə onunla bağlıdır ki, belə vəziyyətlərdə ehtiyatlardan maksimum qənaətlə istifadə edilir. Bütün hallarda, Azərbaycanın öz ehtiyatlarını qoruya bilməsi müsbət haldır”.

Azərbaycanda həyata keçirilən düşünülmüş maliyyə siyasəti ehtiyatların qorunmasında öz töhfəsini verir.

Vidadi ORDAHALLI

Son xəbərlər