15/08/2020 15:22
728 x 90

166 ölkə arasında Azərbaycan 54-cü yeri nələrin hesabına qazandı...

Pərviz Heydərov: “Pandemiyaya qədər ölkədə həyata keçirilən islahatlar agentliklərin diqqətində olub”

img

Azərbaycan “Davamlı inkişaf  hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, Azərbaycan bu baxımdan dünyada hər 3 ölkədən 2-ni qabaqlaya bilib: “Davamlı inkişaf məqsədləri indeksi”nə görə, Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir”.

Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 ABŞ dollardan az olan yoxsul qeydə alınmayıb: “Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir”.

  • “Pandemiya dövründə Azərbaycan hökumətinin əhalinin sağlamlığı və iqtisadiyyatın qorunması istiqamətində gördüyü işlər...

166 ölkə arasında Azərbaycanın 54-cü yerdə qərarlaşması barədə fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, pandemiyanın Azərbaycana təsiri cari ilin ikinci ayından etibarən müşahidə olunmağa başlayıb: “Pandemiyaya qədərki dövr ərzində isə ölkədə müxtəlif sahələr üzrə islahatlar həyata keçirilib. Xatırladım ki, ötən il islahatlar ili kimi yadda qaldı. Həmin il müxtəlif sahələr üzrə islahatlar həyata keçirildi. 2019-cu ildə istər kölgə iqtisadiyyatı, istərsə də sosial sahələr üzrə də addımlar atıldı. Görülən hər bir iş də beynəlxalq təşkilatların diqqətindən yayınmayıb. Beynəlxalq maliyyə qurumları, reytinq agentlikləri ölkəmizdə baş verən hər bir hadisəni izləyirlər. Onu da qeyd edim ki, pandemiya dövründə Azərbaycan hökumətinin əhalinin sağlamlığı və iqtisadiyyatın qorunması istiqamətində gördüyü işlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib”.

Günel CƏLİLOVA

Son xəbərlər