Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahələri veriləcək.
Bu qanun barədə mediada məlumat veriləndən sonra sosial şəbəkələrdə belə bir xəbər yayıldı ki, guya “kasıblara pulsuz mənzillər veriləcək”. Bu fikir də aztəminatlılar arasında böyük həyəcana səbəb oldu. Qanunun mahiyyəti və mənzilin aztəminatlı ailələrə necə veriləcəyini öyrənmək məqsədilə ekspertlərə müraciət etdik.
“Valideyn himayəsindən məhrum olan gənclərin xüsusi təyinatlı internatlardan buraxıldıqdan sonra...”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, qanunun icra mexanizmi olmadan onun həyata keçirilməsi real görünmür: “Əslində, bu qaydalar var idi. Hətta valideyn himayəsindən məhrum olan gənclərin xüsusi təyinatlı internatlardan buraxıldıqdan sonra icra strukturlarının və bələdiyyələrin mənzil fondundan mənzillə təmin edilməsi barədə qaydalar var idi. İndi bu qaydaların sərhədləri genişləndirilib. Amma bu, praktikada necə həyata keçiriləcək? Bunun icra mexanizmi yoxdur. Tutaq ki, aztəminatlı ailə bu mənzil və ya torpaqla təmin edilməsə, hara müraciət etməlidir? Bu barədə məlumat verilmir. Bax, bunu tənzimləyən icra mexanizmi ortalıqda yoxdur. Bu qaydaların olmaması onun reallaşmasını, həyata keçirilməsini çətinləşdirir və bir çox halda mümkünsüz edir”.
Günel CƏLİLOVA