Cəmi 30 ildə xaricdən elektrik alan ölkədən 3 dövlətə işıq satan ölkəyədək – Davos Forumu Azərbaycanı əsassız olaraq ən öncül yerə qoymayıb ki…

"Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisini ixrac edirik. Bu gün mənə təqdim edilən “Qobu” Elektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıracağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik".
Bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuların əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, əhali artır, sənaye artır, biznes fəaliyyəti artır, bütün bunlar enerji tələb edir: “Bizim təbii resurslarımız var – qaz, neft. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir”.
Qeyd edək ki, Davos Ümumdünya İqtisadi Forumu da Azərbaycanda bu sahədə aparılan işləri yüksək qiymətləndirir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan MDB məkanında birinci yerə, dünya miqyasında isə ikinci yerə layiq görülüb. Asiya İnkişaf Bankının ölkəmizdə investisiya yatırmaqda maraqlı olduğu istiqamətlərdən birinin məhz energetika sektoru olması faktı da bu sahədə Azərbaycanın potensialından xəbər verir.
- “Əvvəllər Azərbaycanda elektrik sarıdan problem yaşanırdı, hətta paytaxt Bakı ərazisində işıq saatla verilirdi, ancaq indi bu problem yox səviyyəsindədir”
İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektrik stansiyaları ilə bağlı kifayət qədər ciddi yatırım həyata keçirilib: “Məlumdur ki, əvvəllər Azərbaycanda elektrik sarıdan problem yaşanırdı. Hətta paytaxt Bakı ərazisində işıq saatla verilirdi. Ancaq indi bu problem yox səviyyəsindədir. Ucqar bölgələrdə işıq problem yaşanır. Bunun da səbəbi infrastrukturun köhnə olmasıdır. Onu da xatırladım ki, əvvəllər Rusiya və İrandan elektrik enerjisi alırdıq. İndisə özümüz elektrik enerjisi ixracatçısına çevrilmişik. Artıq 3 ildir ixracat artan xətt üzrə gedir. Bu da əlavə valyuta gəlməsinə səbəb olur. Azərbaycan elektrik ixracatçısına çevrilib. Bu da böyük göstəricidir”.
Günel CƏLİLOVA