10/07/2020 02:57
728 x 90

Bağlanmış bankların açılan cinayətləri - qanunsuz qəbul edilmiş əmanətlər...

Ruslan Atakişiyev: “Bağlanan 4 bankın bəzilərinə 2017-ci ildən əmanətlərin qəbulu ilə bağlı qadağa qoyulsa da...”

img

Ölkəmizdə fəaliyyəti birdəfəlik dayandırılan bankların qanunazidd əməlləri ilə bağlı yeni faktlar üzə çıxmaqdadır. Bu səbəbdən də həmin banklarla əlaqədar olaraq araşdırma işləri aparılır.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib ki, Azərbaycanda ləğv edilmiş banklar tərəfindən qanunsuz yolla əldə edilmiş əmanətlər müvəqqəti bloklanır.

Onun sözlərinə görə, Fond bu əmanətlərlə bağlı araşdırma aparacaq və bu məsələni vətəndaşların xeyrinə həll etməklə qanunsuz qəbul olunmuş əmanətləri qaytaracaq

Qanunsuz yolla əldə edilmiş əmanətləri cəlb etməkdə bankların marağı, niyyəti  nə olub? Necə olub ki, banklar bu cinayətlərə əl atıblar?

  • “Bankların qanunsuz yolla əmanətləri cəlb etməkdə məqsədləri bu vəsaitlər hesabına öz kredit portfellərini, aktivlərini daha da artırmaq olub”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev baki-xeber.com-a bildirdi ki, mətbuatdan da bəlli olduğu kimi, bir sıra banklar qanunsuz olaraq əmanət cəlb edərək bununla öz aktivlərini artırmağa cəhdlər ediblər: “Müəyyən banklara, o cümlədən də bağlanan 4 bankın bəzilərinə 2017-ci ildən əmanətlərin qəbulu ilə bağlı qadağa qoyulsa da, lakin onlar tərəfindən qanunsuz olaraq əmanətlərin qəbulu prosesi davam etdirilib. Həmin banklar əmanətlərin qəbulu prosesini davam etdirməklə yanaşı, Əmanətlərin Sığortalanması Fonduna üzvlük haqqını ödəyən zaman da o əmanətləri nəzərə alıblar. Həmçinin də bu gün ləğv edilən bankların əmanətləri ilə qərar verilməsi əsas səlahiyyətverici qurumların öhdəsindədir. Bu da Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bankdır. Ona görə də vəziyyət ondan ibarətdir ki, əmanətlər qaytarılan zaman Əmanətlərin Sığortalanması Fondu bunu öz hesabına edir, yaxud da Mərkəzi Bankdan aşağı faizlə kredit cəlb edilir. Burada da əmanətləri bloklaşdırılmış şəxslərin əmanətlərinin Əmanətlərin Sığortalanması Fondu, ya da Mərkəzi Bankdan cəlb edilən kredit hesabına qaytarılması nəzərdə tutulur. Onsuz da Əmanətlərin Sığortalanması Fondu bu işlər yekunlaşdıqdan və ləğv edilən 4 bankın əmlakının satışa çıxarılması nəticəsində əldə olunan gəlirlə özünün xərclədiyi vəsaiti bağlayacaqdı, yaxud da bağlaya bilər. O ki, qaldı bankların qanunsuz yolla əmanətlər əldə etməsinə hansı səbəbdən maraq göstərməsinə, onların burada məqsədləri olub. Bankların qanunsuz yolla əmanətləri cəlb etməkdə məqsədləri bu vəsaitlər hesabına öz kredit portfellərini, aktivlərini daha da artırmaq olub. Bu yolla bankın vəsaitlərini genişləndirmək məqsədi güdüblər”- deyə qeyd edən R.Atakişiyev hesab edir ki, onların bu qanunsuz əməlləri araşdırıldıqdan sonra bir sıra qaranlıq məqamlara aydınlıq gətiriləcək.

İradə SARIYEVA

Son xəbərlər