Məlum olduğu kimi, aprel-may aylarında 4 bankın fəaliyyəti dayandırılıb. “Ata Bank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-nin fəaliyyəti dayanandan sonra ölkədə fəaliyyət göstərən digər bankların da vəziyyətinin normal səviyyədə olmadığı bildirildi.
Mütəxəssislərin bildirdiyinə görə, aprel-may aylarında bağlanmış 4 bankda olan problemlər digər banklarda da ola bilər. Bu yaxınlarda Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, 4 bankda olan problemlər digər banklarda da ola bilər. E. Rüstəmov onu da qeyd edib ki, bağlanan 4 bank Mərkəzi Banka və ictimaiyyətə açıqladığı maliyyə hesabatlarında təhrifə yol verib.
İddia olunur ki, ölkədə fəaliyyət göstərən 26 bankın əksəriyyətində problemli kreditlərin həcmi az göstərilir. Bu o deməkdir ki həmin bankların da kapitala dair sənədlərində problem var. Maraqlıdır, həmin banklar bağlana bilərmi?
“Mövcud olan 26 bankın əksəriyyətində problemli kreditlərin həcmi tam göstərilmir”
Bank sahə üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, konkret hansı bankların bağlana biləcəyini birmənalı şəkildə demək çox çətindir. Lakin Mərkəzi Bankın sədri E. Rüstəmovun son bir ayda keçirdiyi mətbuat konfranslarında səsləndirdiyi fikirlər əsasında formalaşan ehtimallarla təxminən hansı sayda bankın bağlana biləcəyindən danışmaq olar: “Mövcud olan 26 bankın əksəriyyətində bu problem var. Yəni onlar da problemli kreditlərin həcmini az göstərirlər. Əgər həmin bankların da kapitala dair sənədlərində belə faktlar varsa, onları da bağlanan 4 bankla eyni aqibət gözləyə bilər. Mən dəfələrlə demişəm ki, Azərbaycanda yalnız 3 bank bağlanmaqdan sığortalıdır. Bu məsələdə də yenə Mərkəzi Bankın sədrinə istinad edirəm. O, may ayında keçirdiyi mətbuat konfransında dedi ki, sahibkarlar hər banka pul qoymasınlar, bizim sistem əhəmiyyətli banklarımız var. Sistem əhəmiyyətli o demək deyil ki, həmin banklar ən yaxşıdır. Yox. Bu o deməkdir ki, həmin bankların vəziyyəti pis olsa da, dövlət onları bağlanmaqdan qoruyur. Çünki onlar bağlanarsa, bank sistemi çökər. Bu da ən azı ilk üçlüyə daxil olan banklardır. Üçlükdə isə “Beynəlxalq Bank”, “Paşa Bank” və “Kapital Bank” yer alır. Mən bir sahibkar kimi ehtiyatlı davranmaq istəyirəmsə, əlimdə olan vəsaitin, ən azından, böyük hissəsini bu üç banka yatıraram, nəinki digər banklara”
Günel CƏLİLOVA