Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan kredit təşkilatları koronavirus pandemiyasının nəticələrindən zərər çəkən müştərilərinə güzəştlərə başlayıblar. AMFA-nın yaydığı məlumatda qeyd olunur ki, güzəştlər Assosiasiyanın üzvü olan bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilir. Buraya gecikdirilən kreditlərə görə cərimə faizlərinin hesablanmaması, kreditlərin restrukturizasiyası, eləcə də digər xidmətlər üzrə güzəştlər aiddir.
Maraqlıdır, digər banklar və bank olmayan kredit təşkilatlarında olan kreditlər necə olacaq? Ümumiyyətlə, bütün banklar pandemiya dövründə kreditlərə güzəşt edə bilərmi?
“Kredit təşkilatları müştərilərə güzəşt edəcəklərini deyirlər, amma soruşmaq lazımdır ki…”
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, mikromaliyyə təşkilatı deyiləndə bank olmayan kredit təşkilatları nəzərdə tutulur. Bu kredit təşkilatları da müştərilərə güzəşt edəcəklərini deyirlər: “Amma soruşmaq lazımdır ki, nəyin güzəştin edəcəklər? Kredit təşkilatları kreditin vaxtını uzadırlar. Bu da, əslində, ödənilməli olan faizlərin miqdarını çoxaldır. Yaxşı olardı ki, həmin kredit təşkilatları güzəştlərinin nədən ibarət olacağını açıq şəkildə desinlər. Çünki onların əksər hallarda dedikləri güzəşt olmur. Sadəcə olaraq vaxt uzadırlar. Bu da onların faiz gəlirlərini artırır. Prinsipcə, bunu banklar da edirlər. Yəni bu elə də ciddi məsələ deyil.
Onu da bildirim ki, aprel ayında Mərkəzi Bank hər bir halda banklara tövsiyə edib ki, sentyabrın 30-na qədər cərimə hesablamasınlar. Yəni müştəri krediti ödəmirsə, faiz hesablanmasın və gecikdirilən kreditləri də problemli kreditlər kimi qeydə almasınlar. Bu məsələ var. Amma bankların bəziləri bu tövsiyəyə əməl edir, bəziləri isə əməl etmirlər”.
Ə.Həsənov təklif edir ki, banklar hazırkı dönəmdə kredit tətili elan etsinlər: “Kredit tətilini də sırf bankların hesabına etmək olmaz. Çünki bankların o qədər itkiyə məruz qalmaq gücləri yoxdur. Kredit tətili elan edilməsi üçün dövlət banklara kömək olmalıdır”.
Günel CƏLİLOVA