Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüş zamanı bir sıra məsələlərə toxunulub. O cümlədən, Azərbaycan turizminin inkişafı və problemləri də nəzərdən keçirilib.
Prezident İlham Əliyev çıxış edərək qeyd edib ki, postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi: “Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq”.
“Pandemiya dövründə turizm sektorunun inkişaf etməsi üçün bu sahəyə yardım göstərilməlidir”
"New Era” turizm şirkətinin rəhbəri, turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov qeyd etdi ki, pandemiyanın zərər vurduğu, hətta iflic etdiyi əsas sahələrdən biri də turizmdir. Hazırda sərhədlər bağlı olduğundan, bütün dünya ölkələrində turizm sektorunun fəaliyyəti tamamilə dayanıb. Ölkələr turizmi yenidən dirçəltmək üçün müxtəlif addımlar atırlar. Həmin addımlar eynilə də ölkəmizdə atılır: “Bu sahədə beynəlxalq təcrübəyə istinadən işlər görülə bilər. Tendensiya bütün ölkələrdə eynidir. Məlumdur ki, koronavirusla bağlı olaraq uçuşlar bir neçə ay idi ki, dayanmışdı. Artıq bəzi ölkələrdə uçuşların həyata keçirilməsinə icazə verilir. Üzü yaya doğru getdiyi üçün axının böyük hissəsinin yay istirahət komplekslərinə olacağı gözlənir. Çimərlik mövsümü başladıqdan sonra əsas kütlə bu sahəyə yönələcək. Bu da, təbii ki, həmin ərazilərdə yerləşən turizm obyektlərinin gəlirinin genişlənməsi üçün olduqca əlverişli şərait yaradacaq. İnsanlar qoyulan gigiyenik qaydalara əməl etməklə bütün turizm xidmətlərindən istifadə edə bilərlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiya dövründə turizm sektorunun inkişaf etməsi üçün bu sahəyə yardım göstərilməlidir.
Günel CƏLİLOVA