Təcavüzkar siyasəti üzündən onillərdir blokada şəraitində yaşayan Ermənistan yeni ildən tam təcrid halına gələ bilər.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb bu ölkənin dəniz yolu ilə yük daşınmasına bel bağladığı Qafqaz-Poti-Qafqaz bərə reyslərinin dayandırılmasıdır. Məsələ burasındadır ki, daha öncə Gürcüstan 2019-cu ilin sentyabr ayından öz ərazisinin quru hissəsindən yük daşınmasını yasaqlamaq barədə qərar qəbul etmişdi. Bundan sonra Ermənistanın ölkəyə taxıl məhsulları daşınmasında yeganə ümidi dəmir yolu və bərə marşrutlarına qalırdı. Hazırda bərə marşrutunun dayandırılması barədə verilən qərar Ermənistanı daha çətin vəziyyətdə qoyub.
“Cənubi Qafqaz Dəmiryolları” QSC verilən son qərarla bağlı açıqlamasında bildirir ki, sözügedən bərə marşrutu ayrı-ayrı hüquqi şəxslərə aiddir, o üzdən də bu məsələdə heç bir rolu yoxdur. Erməni tərəfi isə bunu özünə qarşı qərəz sayır və Rusiyanı Azərbaycanın blokada siyasətinə qoşulmaqda ittiham edir.
Xəbərdə o da bildirilir ki, artıq sözügedən situasiya Putinlə Paşinyan arasında müzakirə olunub. Lakin nəticə barədə hər hansı məlumat yoxdur.
Xəbərdə o da deyilir ki, bu yaxınlarda Ermənistanın vergi orqanları QSC-də yoxlama apararaq onu 60 min dollar məbləğində cərimələyib. Şirkət isə bununla razılaşmayaraq, işi məhkəmə yolu ilə həll edəcəyini bildirib. Bunun ardınca sözügedən şirkətlə Gürcüstan dəmiryolları Potidən Ermənistana yükdaşımaların tariflərinin 52 faiz endirilməsilə bağlı razılıq əldə edib.
Bütün bunlardan sonra dekabrın 1-dən bərə reyslərinə son verilməsi Ermənistanın ümidlərinin üzərindən xətt çəkib.