Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısını alıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb. Buna görə də sərnişin saxlanaraq onun əl yükündə təkrar yoxlama aparılıb. Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümün yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.